Yumurtanın kəskin ucuzlaşması ixrac imkanlarının artması ilə bağlıdır - AÇIQLAMA
Azərbaycanda yumurtanın qiyməti kəskin azalıb. AFN.az xəbər verir ki, əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Bu məhsulun qiyməti orta hesabla 45-50 faiz azalıb.
Bəs bunun səbəbi nədir? Bir müddət əvvəl Azərbaycan Rusiyaya yumurta ixracına başlayanda ictimaiyyətdə belə bir rəy vardı ki, bu sahədə il ərzində bahalaşma olacaq. Amma görünən odur ki, əksi baş verib. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının İctimaiyyətlə əlaqələr və analitika departamentinin rəhbəri Dünya Sakit AFN.az-a açıqlamasında bildirdi ki, yumurtanın ucuzlaşmasının bir neçə səbəbi var: “Bunlar arasında ən mühüm yeri istehlak tələbindən daha çox yumurtanın istehsal edilməsi tutur. Bu, həm broyler fabriklərində, həm də fərdi təsərrüfatlarda müşahidə edilir. Biz bilirik ki, ölkədə fabriklərdən kənarda da çox sayda yumurta istehsal olunur. Hazırda bütün ölkə boyu kənd yumurtası dediyimiz fərdi təsərrüfatlarda istehsal olunan yumurtanın da qiymətində ucuzlaşma var. İstehsal artımının bir səbəbi mövsümidirsə, digər səbəbi xaricə əlverişli şərtlərlə ixrac imkanının yaranmasıdır. Broyler fabrikləri bu səbəbdən istehsalı artırıblar. Bu əlverişli şəraitdən istifadə edib gəlirlərini artırmağa çalşırlar, bu da ölkəmiz üçün müsbət faktdır. Yerli istehsalçıların ixrac imkanının yaranması yaxşı haldır. Azərbaycan Rusiyadan əvvəl körfəz ölkələrinə yumurta ixracına başlayıb, Rusiyaya olduğu qədər olmasa da, ixrac əvvəldən vardı. Bu ilin yanvarından yerli istehsalçılar körfəz ölkələrinə damazlıq yumurtanın da ixracına başlayıblar. Azərbaycanda yumurta istehsalçılarına dövlət tərəfindən güclü dəstək var. Dövlət bir neçə istiqamətdə ərzaq bazarı üçün xüsusi əhəmiyyət kəsb edən sahələrdə yerli istehsalı dəstəkləyir. Quşçuluq fabrikləri də bu dəstəkdən yararlanaraq, həm ölkənin daxili tələbatını təmin edəcək, həm də ixraca yönəldiləcək həcmdə yumurta istehsalına nail olublar”.
D.Sakitin sözlərinə görə, Rusiyaya ixrac başlayanda yumurtanın qiymətinin artması ilə bağlı söz-söhbətlər artıq geridə qalıb: “Biz hətta bəzi satış şəbəkələrində qiymətlərin süni artırıldığının şahidi olduq. Lakin bu, qısamüddətli oldu və tezliklə qarşısı alındı. Quşçuluq təsərrüfatları ölkənin daxilində ərzaq təhlükəsizliyinə, ərzaq təminatına zərbə vuracaq heç bir addıma getmir, getməyəcək də. Təsərrüfatlar ixracın daxili tələbatdan artıq həcmlərə yönəldilməsinə hədəflənib. Rusiya ilə bağlı da belə olub. Ötən ilin sonlarından başlayıb indiyədək 40 milyona yaxın yumurta ixrac edilib. Bir daha deyirəm, bu, ölkənin daxili istehlak tələbi həcmindən artığı əhatə edir, heç bir halda Azərbaycan quşçuluq təsərrüfatları daxili tələbatdan kəsib xaricə ixrac etmək fikrində olmayıblar. Bunun bariz nümunəsi bazardakı ucuzlaşmadır”.