“Burax, nəfəsim kəsilir”: “Şeyx Lahmacun” kafesində hədə-qorxu ilə pul tələb edildi


Keçən ilin martında Nəsimi rayonu 4-cü mikrorayonda yerləşən “Şeyx Lahmacun” restoranının sahibi və oğluna qarşı cinayətdə təqsirləndirilən şəxslərin məhkəməsi yekunlaşıb.



“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Qəbələ sakini 2001-ci il təvəllüdlü Şahin Quliyev və Cəlilabad sakini 2000-ci il təvəllüdlü Sakit Əlişova hökm oxunub.

Məhkəmədə məlum olub ki, Şahin Quliyev həmin restoranda kuryer kimi çalışıb və dostu Sakitlə birgə restoran sahibinə qarşı cinayət planı qurublar. Ötən il martın 25-i gecə saatlarında iş bitərkən Şahin işinin olduğunu deyərək restoranı tərk etməyib. Bu zaman o, zirzəmiyə düşərək elektrik və su xətlərini yoxlamaq istəyən restoran sahibi Rac Abramovu təqib edib və oradaca özü ilə gətirdiyi dəmir alətlə ona hücum edib. Həmin vaxt arxa qapıdan içəri daxil olan Sakit də Şahinə kömək edib. Bundan sonra iş adamının 11 yaşlı oğlu səs-küy eşidərək zirzəmiyə düşüb və Şahinlə Sakit onu da tutaraq stula bağlayıblar. Onlar Abramovu övladının həyatı ilə hədələyərək 200 min manat tələb ediblər.

Məhkəmədə psixoloqun müşayiəti ilə ifadə verən Rac Abramovun oğlu hadisəni belə təsvir edib: “Atam “Şeyx Lahmacun” adlı kafeni işlədir, mən də tez-tez oraya gedirəm. Şahin də atamın iş yerində kuryer kimi çalışırdı. İş vaxtı bitdikdən sonra atam həmişə aşağıda işıqlara baxmaq və söndürmək üçün zirzəmiyə düşür. Hadisə olan gün Şahin kafedə qalaraq işinin olduğunu və bizimlə birlikdə çıxacağını dedi. Atam Şahinlə aşağı düşdükdən sonra Sakit arxa qapıdan içəri girdi. Daha sonra atamın “burax, nəfəsim kəsilir” deyə qışqırdığını eşitdim, aşağıya düşərək orada nə olduğunu öyrənmək istədim. Lakin Sakit mənə aşağı getməməyi dedi, mən getmək istədikdə başımdan tutaraq divara bərk vurdu, ağzımı əli ilə bağladı. Təxminən 20 dəqiqə ağzımı bağlı saxladı. Daha sonra Sakit məni içəri keçirəndə hər yerin qan içində olduğunu gördüm. Şahin isə bu zaman atamı boğurdu. Sakit daha sonra məni soyunub-geyinmə otağına apardı, orada da stulda oturdaraq əl-qolumu bağladı, sonra isə dönər bıçağı ilə gələrək pulların yerini deməyimi tələb etdi. Yoxsa atamın ayağını kəsib qabağıma atacağını dedi. Pulun yerini bilmədiyimi desəm də, Sakit dəfələrlə gedib-gəlib eyni sualı təkrar edirdi. Daha sonra Şahin əl-qolumu açdı və bizi buraxdılar. Şahin dedi ki, guya onları tanımırıq, Sakit ora gəlməyib, atam isə guya pilləkəndən yıxıldığı üçün başı deşilib və üst-başı buna görə qan olub. Hadisə təxminən yarım saat davam edib”.

Ekspertiza rəyində Rac Abramovun hadisə vaxtı çoxsaylı xəsarət alması təsdiqini tapıb.

Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 145.2.1, 145.2.3, 145.2.4, 145.2.5, 145.2.6 və 182.3.2-ci maddələri (Qanunsuz azadlıqdan məhrum etmə, hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirli bilib. Şahin və Sakitin hər birinə 12 il həbs cəzası verilib və ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndəriliblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu