Qazaxıstanda daşqın: 1500 evi su basıb
Qazaxıstanda əriyən qarın yaratdığı sel nəticəsində 1500-ə yaxın ev su altında qalıb.
Ölkənin 5 vilayətində güclü yağışlı qışdan sonra temperaturun artması səbəbindən qarın qəfil əriməsi nəticəsində yaranan daşqınlarla mübarizə davam edir.
Qazaxıstanın Baş naziri Oljas Bektenovun başçılıq etdiyi kabinet sel gündəmi ilə əlaqədar toplaşıb.
Havalar isindikcə ölkənin qərb, şimal, mərkəzi və şərq bölgələrində yeni daşqın dalğası gözlədiklərini ifadə edən Bektenov deyib: “Qış aylarında güclü qar və buzlanma kimi hallar, istilərin tez gəlməsinə səbəb olub. Bu xüsusilə qərb ştatlarında geniş miqyaslı daşqınlarla nəticələnir".
Qar sularının kəndlərə aşması nəticəsində 1500-ə yaxın evin su altında qaldığını deyən Bektenov bəzi rayonlarda nəqliyyat infrastrukturunun da zədələndiyini qeyd edib.
Fövqəladə hallar nazirinin müavini Baurcan Sızdıkov da daşqından ən çox zərər çəkən qərb əyalətlərində suyun səviyyəsində azalma olduğunu, əksinə, ölkənin mərkəzi, şimal və şərq bölgələrində çayların daşması təhlükəsinin olduğunu diqqətə çatdırıb.
Sızdıkov indiyədək kənd yerlərindən 6 min 187-si uşaq olmaqla 15 min 786 nəfəri təxliyə etdiklərini açıqlayıb.
50 kəndə gediş-gəlişin kəsildiyi barədə məlumatı paylaşan Sızdıkov bu yaşayış məntəqələrinə vertolyotlarla qida və dərman göndərildiyini bildirib.
Su təsərrüfatı və suvarma naziri Nurcan Nurcigitov bildirib ki, qar suları ölkədə iri bəndləri doldurub.
Nurcigitov hazırda bəndlərdə 24 saat növbətçiliyin olduğunu və xüsusilə də daşqınların qarşısının alınması məqsədilə şimal, qərb və şərq bölgələrindəki bəndlərdə suyun axıdılması işlərinin aparıldığını bildirib.