ABŞ bəzi Honq-Konq və Suriya rəsmilərinə viza məhdudiyyəti qoyur
ABŞ Dövlət Departamenti Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinin rəsmiləri və Suriyadakı 10 məmura viza məhdudiyyəti tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentindən bu məhdudiyyətlərlə bağlı yazılı açıqlamalar verilib.
Bəyanatda Əsas Qanunun 23-cü maddəsinə uyğun olaraq qəbul edilən və regional hakimiyyət orqanlarının səlahiyyətlərini genişləndirən qanun tənqid edilib və Çin Honq-Konqun demokratik təsisatlarına, hüquq və azadlıqlarına qarşı addımlar atmaqda günahlandırılıb.
Açıqlamada, sözügedən hərəkətlərə görə bir çox Honq-Konq rəsmisinə viza məhdudiyyəti qoyulduğu, Honq Konq xalqının hüquq və azadlıqlarının bərpası və haqsız yerə həbs edilənlərin azad edilməsi çağırışının edildiyi bildirilib.
Nazirlikdən verilən digər açıqlamada isə 10 Suriyalı məmur və onların yaxın ailə üzvlərinə viza məhdudiyyəti tətbiq edildiyi açıqlanıb.
Bəşər Əsəd rejimini tənqid edən açıqlamada, bu məmurlara və onların ailə üzvlərinə suriyalılara zülm etdikləri və insan haqları pozuntularında iştirak etdikləri əsası ilə məhdudiyyətlər qoyulduğu qeyd edilib.
Bəyanatda vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (UNSCR) 2254 saylı qətnaməsinə uyğun olaraq qalıcı həll yolunda irəliləyiş əldə olunmayınca ABŞ Əsəd rejimi ilə münasibətləri normallaşdırmayacaq.