Aİ ölkələri təbii qaza qənaətə davam edəcək
Avropa İttifaqı (Aİ) ölkələri növbəti qış dövrünə hazırlıq məqsədilə təbii qaz istehlakının 15 faiz azaldılması təcrübəsinin 1 il müddətinə uzadılması barədə razılığa gəliblər.
Aİ Şurası üzv ölkələrin enerji nazirlərinin Brüsseldə keçirilən toplantıda təbii qaza qənaəti davam etdirməyə razılaşdıqlarını açıqlayıb.
Açıqlamada üzv ölkələrin növbəti qış dövründə kifayət qədər qaz anbarı səviyyəsinə çatmaq üçün könüllü tələbin azaldılması tədbirlərini davam etdirməyə razılaşdıqları və üzv ölkələrin qaz tələbatının 15 faiz azaldılmasına davam ediləcəyi bildirilib.
Aİ ölkələrində Rusiya-Ukrayna müharibəsi və sonrakı enerji böhranı ilə qüvvəyə minən qaz qənaət praktikası martın 31-də başa çatır. Qəbul edilən qərarla bu təcrübə daha 1 il davam edəcək.