Boliviyada leysan yağışlar minlərlə insana ziyan vurub
Cənubi Amerika ölkəsi Boliviyada leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri minlərlə insana mənfi təsir göstərib.
Milli Hidrologiya və Meteorologiya Xidmətinin (Senamhi) verdiyi açıqlamada yağışların davam edəcəyi gözlənilən bəzi bölgələrdə "qırmızı həyəcan" elan edildiyi bildirilib.
La Paz başda olmaqla bir çox şəhərdə yağan leysan yağışları nəticəsində çaylar daşıb, onlarla evi su basıb.
Təsirə məruz qalan ərazilərə mülki müdafiə qrupları ilə yanaşı, hərbi hissələr də göndərilib.
Yağışlar mövsümünün başladığı noyabrdan indiyədək 206 evə ziyan dəyib, 456 daşqın baş verib, 37 nəfər həyatını itirib.
Mülki müdafiənin məlumatına görə, 12 min 772 nəfər daşqın və sürüşmələrdən son dərəcə mənfi təsirə məruz qalıb.
Boliviya Prezidenti Luis Arce mətbuata verdiyi açıqlamada, daşqın bölgələrində zərərin qiymətləndirilməsi işlərinin davam etdiyini bildirib.