G7 liderləri Ukraynaya sarsılmaz dəstəyini təsdiqləyiblər


ABŞ, Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin liderləri bir daha Ukraynaya sarsılmaz dəstəyini təsdiqləyiblər.



G7 ölkələrinin liderləri Rusiya-Ukrayna müharibəsinin 2-ci ildönümü münasibətilə videokonfrans vasitəsilə görüşüblər.

Ukraynaya səfər edən İtaliyanın baş naziri Giorgia Meloni, Kanadanın baş naziri Castin Trüdo və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Kiyevdən əlaqə saxladıqları videokonfransdan sonra birgə bəyanat verilib.

“Biz G7 liderləri olaraq Ukraynaya sarsılmaz dəstəyimizi təsdiqləmək və Ukraynanın azadlığı və demokratik gələcəyi üçün yorulmadan mübarizə aparan ukraynalıların cəsarətini və möhkəmliyini alqışlamaq üçün Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdük”, - bəyanatda deyilir.

Bəyanatda Rusiyanın BMT Nizamnaməsini açıq-aşkar pozaraq genişmiqyaslı işğala cəhd etdiyi bildirilib: “Ukrayna Putinin döyüş maşınına qalib gəlmək və Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini müdafiə etmək iradəsini sübut edib. Prezident Putin Ukraynanı özünə tabe etmək kimi strateji məqsədinə nail ola bilmədi. O, Rusiyanın resurslarını lazımsız müharibəni maliyyələşdirmək üçün qurutdu, yüz minlərlə rus həyatını itirdi".

Liderlərin birgə bəyanatında aşağıdakılar qeyd olunub:

"Biz Rusiyanı işğalçılıq müharibəsini dərhal dayandırmağa və öz hərbi qüvvələrini beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırırıq. Biz keçmiş və gələcək qondarma seçkiləri heç vaxt tanımayacağıq. Rusiyanın mülki əhaliyə və mühüm mülki infrastruktura davamlı vəhşi hücumları və Rusiya qüvvələrinin Ukraynaya müdaxiləsi, törətdiyi hərbi cinayətləri, o cümlədən cinsi zorakılığı qətiyyətlə pisləyirik. Rusiya tərəfindən işğal olunmuş ərazilərdə insan hüquqlarının pozulmasını qətiyyətlə pisləyirik".

Bəyanatda Rusiyanın nüvə məsələsində ritorikası və qorxuducu münasibətinin qəbuledilməz olduğu bildirilib.

Birgə bəyanatda o da vurğulanıb ki, Rusiyanın Ukrayna limanlarına hücumlarına və Qara Dəniz Taxıl Təşəbbüsündən çıxmasına baxmayaraq, Ukrayna dəniz dəhlizi və Aİ-nin həmrəyliyi sayəsində 2023-cü ilin bütün məhsulunun ixracında irəliləyir.

Açıqlamada, Rusiyaya qarşı sanksiyaları tam şəkildə həyata keçirmək və lazım gəldikdə yeni tədbirlər görmək əzminin davam etdiyi ifadə edilib.

Birgə bəyanatda o da qeyd olunub ki, üçüncü ölkələrdə Rusiyanın müharibəsini maddi cəhətdən dəstəkləyən aktorlara qarşı tədbir görüləcək, o cümlədən lazım gəldikdə üçüncü ölkələrin təşkilatlarına əlavə tədbirlər tətbiq olunacaq.

Açıqlamada Rusiyanın Şimali Koreyadan ballistik raket alması da şiddətlə pislənilib və Çin müəssisələrindən hərbi texnikanın Rusiyaya ötürülməsi ilə bağlı narahatlıqların olduğu qeyd edilib.

G7 liderləri həmçinin öz nazirlərindən beynəlxalq hüquqa uyğun olaraq Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiyanın suveren aktivlərindən istifadə ilə bağlı müvafiq hüquqi sistemlərə lazımi yeniləmələrin edilməsi üzrə işlərini davam etdirməyi xahiş ediblər.

Açıqlamada Ukraynanın üçüncü ildir davam edən bu müharibədə G7-nin dəstəyinə arxalana biləcəyi vurğulanıb, həmçinin Avropa İttifaqının (Aİ) üzvlük danışıqlarına başlamaq qərarı və razılıq əldə edildiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu