10 gündür bağçada istilik yoxdur - ŞİKAYƏT
“On gündür ki, bağçada istilik yoxdur. Körpə uşaqlar soyuqdan donur. Müraciətlərimizə də baxan yoxdur”.
Bu şikayətlə “Qafqazinfo”ya Yasamal rayonu 11 saylı uşaq bağçasında təlim-tərbiyə alan azyaşlılardan birinin valideyni Firuzə Əhmədova müraciət edib.
Onun sözlərinə görə, fevralın 9-dan bəri 120 uşaq heyəti olan bağçada istilik yoxdur: “Bununla bağlı “Azəristiliy”ə müraciət etdik. Dedilər ki, yaxınlıqdakı qazanxanada partlayış olub ona görə ola bilər bu mövsüm, ümumiyyətlə, istilik verilməsin. Təhsil Nazirliyi ilə də əlaqə saxlamaq olmur. Operator cavab verir və deyir ki, “şikayətiniz qeydə alındı, tədbir görüləcək”, lakin heç bir tədbir görülmür. Böyük otaqlarında körpə uşaqların olduğu bağçanı necə isidək?”
Məsələ ilə bağlı “Azəristiliktəchizat” ASC-yə müraciət etdik. Qurumun Mətbuat Katibi Elvin Basqallı bildirdi ki, hazırda ilkin araşdırma və ekspertiza işləri aparılmaqdadır: “Ekspertizanın rəyinin nəticəsindən asılı olaraq tədbirlər müəyyən ediləcək”.
Şikayətlə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “11 nömrəli uşaq bağçası “Azəristiliktəchizat” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilir. 6 yanvar 2024-cü ildə Yasamal rayonunda “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanada baş vermiş partlayış nəticəsində 11 nömrəli uşaq bağçasının da istilik təminatında problem yaranıb.
Məsələnin həlli ilə həyata keçirilən işlər davam edir, "Azəristiliktəchizat" ASC tərəfindən problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi üçün zəruri addımlar atılır.
Qeyd edək ki, “Azəristiliktəchizat” ASC tərəfindən problem aradan qaldırılanadək istilik təchizatı alternativ vasitələrlə təmin olunur”.