Qazanxanalar işə düşdü, bəs istilik nə vaxt olacaq? - Rəsmi açıqlama


Noyabrın 15-dən ölkə ərazisində qazanxana və istilik məntəqələri işə salınmalı olsa da, hələ də Bakıda istiliklə bağlı ciddi problemlər var. Xətai, Yasamal, Nizami, Binəqədi, demək olar ki, əksər rayonlarda mərkəzi qazanxana sisteminə qoşulan binaların sakinləri 2 gündür istilik ala bilmədiklərindən şikayətlənirlər. Sakinlərin sözlərinə görə, havanın temperaturunun kəskin aşağı düşməsi vəziyyəti daha da dözülməz edib.


“Qafqazinfo” problemlə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyevlə əlaqə saxlayıb. O, hazırda paytaxtda bütün qazanxanaların işə salındığını və hər hansı ciddi problem olmadığını bildirib:

“Qaz təchizatı bir qədər gec açıldığına görə, qazanxanaların qoşulmasına srağagündən başlanılıb. Əvvəlki illərdə bu prosesə noyabrın 12-dən başlayırdıq ki, 15-i tam rejimə çıxa bilək. Hazırda qazanxanalarda ciddi problem yoxdur, hamısı işə qoşulub. Temperaturu yığmaq məsələsi müəyyən qədər vaxt apara bilər. İri rayon qazanxanalarında temperaturu dərhal qaldırmaq mümkün deyil, tədricən yığılır. Texnoloji proses özü müəyyən zaman tələb edir. Düşünürəm ki, gün ərzində rejimə çıxılacaq. Havalar soyuyub tələbat artsa da, bizim istilik mənbələrimizdə heç bir problem yoxdur, hamısı işə düşüb”.

R.Əliyev bildirib ki, ola bilər, hansısa lokal problemlər olsun, hansısa binanın altında axıntı olsun. Hələ ki, mərkəzi dispetçer xidmətinə elə bir problemlə bağlı da məlumat verilməyib. Qazanxanalar normal rejimdə temperatur yığır.

Qeyd edək ki, bu il “Azəristiliktəchizat”ın 561 qazanxana və 90 istilik məntəqəsi vasitəsilə 3870 yaşayış binası, həmin yaşayış binalarının da 184 000-ə yaxın mənzili istiliklə təmin etməsi nəzərdə tutulub. Həmçinin layihə üzrə ASC-nin mənbələrindən məktəb, uşaq bağçası, səhiyyə müəssisələri və digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin olunması planlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu