Köhnə dollar alınmır, təzəsi satılmır - Banklarda nə baş verir?
Son zamanlar bəzi valyuta mübadiləsi məntəqələrinin köhnə dollarları daha aşağı məzənnə ilə qəbul etməsi ilə bağlı şikayətlər artıb. Buna görə də insanların bir çoxu yaxın vaxtlarda köhnə dollarların dövriyyədən çıxa biləcəyindən narahatdır.
Bəs görəsən bunun səbəbləri nədir və bu iddianın hansısa əsası varmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas və iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, banklar üçün dolların təzə və köhnə olmasının heç bir önəmi yoxdur:
“Əvvəlcə onu qeyd edim ki, təzə və ya köhnə dollar arasında heç bir fərq yoxdur. Dünyanın heç bir ölkəsində bu söhbət yoxdur. Sadəcə, son vaxtlar Azərbaycanda peyda olub. Tutaq ki, Mərkəzi Bank özəl banklara köhnə dollar verir. Bank mahiyyətinə görə maliyyə vasitəçisidir. Onlar üçün dolların təzə və ya köhnə olmasının heç bir fərqi yoxdur. Vətəndaşlar bu cür şayiələrə inanıb banklardan köhnə dollarları almırlar və təzə dollar tələb edirlər. Bankın iş prinsipi pulu alıb-satmaqdır. Əgər heç kəs bankdan köhnə dollar almırsa, o zaman bankın özü də heç kimdən köhnə dollar qəbul etməyəcək. Bu cür əsassız şaiyələrdən bəzi pul mübadiləsi məntəqələri istifadə edir və köhnə dollarları aşağı məzənnə ilə manata çevirir. Bank vətəndaşdan aldığı köhnə dolları daha sonra sata bilmirsə, onda nə etməlidir?”
Əkrəm Həsənov insanları bu cür şayiələrə inanmamağa çağırıb: “Məsələn, 500 avroluq əskinası banklar qəbul edən zaman əlavə komissiya tutur. Çünki Avropada 500 avroluq əskinası heç yerdə ödəniş vasitəsi kimi istifadə edə bilməzsiniz. Onu yalnız bankda dəyişə bilərsiniz. Amma dollarda belə bir problem yoxdur. Mən əhaliyə səslənirəm ki, köhnə dollarlarla bağlı iddialar tamamilə əsassızdır və sadəcə şayiədir. Əlinizdə olan dollarları dəyər-dəyməzinə mübadilə etməyin. Qorxmağa qətiyyən ehtiyac yoxdur. Bu sadəcə bəzi işbazların ortalığa atdığı iddiadır”.