İranın dəstəklədiyi qruplar ABŞ-ın Suriyadakı bazasına PUA-larla hücum edib
Suriyada Fərat çayının qərb sahilində İranın dəstəklədiyi qruplar Deyr əz-Zor əyalətində ABŞ əsgərlərinin yerləşdiyi Ömər Neft Yataq Bazasına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.
Yerli mənbələrdən əldə edilən məlumata görə, Fərat çayının qərb sahilində yerləşən İranın dəstəklədiyi terrorçu qruplar çoxlu sayda kamikadze PUA ilə ABŞ qüvvələrinin yerləşdiyi Ömər neft yatağı bazasına hücum edib.
Hücumda can itkisi ilə bağlı heç bir məlumat yoxdur, ABŞ isə hələlik hücumla bağlı açıqlama verməyib.
Yanvarın 28-də Suriya-İordaniya sərhədindəki Amerika bazasına edilən hücuma cavab olaraq, ABŞ İran İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinə və Suriya və İraqdakı silahlı qruplaşmalara aid ən azı 85 hədəfin hava zərbələri ilə vurulduğunu açıqlayıb.