Yataqxanadakı yanğının miqyası və yaralıların durumu açıqlandı
Xəbər verildiyi kimi, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Nazirlikdən verilən xəbərə görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.
Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.
TƏBİB-dən isə bildirib ki, 18.01.2024-cü il tarixində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən 3 nəfər (2-si kişi cinsli, 1-i qadın cinsli) ambulator müalicə üçün evə buraxılıb.
Xatırladaq ki, 17.01.2024-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.
Bildirilir ki, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) "Digər qazların toksiki təsiri” diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.
"1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə "Digər qazların toksiki təsiri” diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.
2 nəfər qadına isə "Stresə qarşı kəskin reaksiya” diaqnozu ilə yerində yardım olunub.
Briqadalar hazırda hadisə yerindədir”- məlumatda qeyd edilib.