Britaniya Ukraynaya uzaqmənzilli raketlər və artilleriya mərmiləri verəcək
2024-cü ildə Ukraynaya hərbi yardım paketi çərçivəsində Böyük Britaniya əlavə uzaqmənzilli raketlər, tank əleyhinə silahlar və artilleriya mərmiləri tədarük edəcək.
Bu barədə Krallığın Baş naziri Rişi Sunak Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
“Böyük Britaniya bu gün Ukraynaya müharibə başlayandan bəri 2,5 milyard funt sterlinq (3,19 milyard dollar) dəyərində ən böyük tək müdafiə yardım paketini elan edir. Bu paketə daha çox zenit avadanlığı, daha çox tank əleyhinə silah, raket, minlərlə artilleriya mərmisi, daha minlərlə Ukrayna hərbçisinin təlimi daxildir”, - deyə hökumət başçısı bildirib.
Bundan əlavə, Sunak Londonun digər dövlətlərin indiyə qədər Ukraynaya ötürdüyü pilotsuz təyyarələrin ən böyük partiyasını Kiyevə ötürmək istəyini təsdiqləyib. "Xüsusilə, hücum və dəniz maşınlarından danışırıq" - deyən baş nazir vurğulayıb ki, ölkəsi Ukrayna hakimiyyətinə bundan sonra da yardım göstərməyə hazırdır.