Bu, yalnız prezident vəzifəsinə bir şəxsin seçilməsi ilə bağlı məsələ deyil - Fərid Şahbazlı


2024-cü ildə preziden seçkilərinin keçirilməsi qərarı özündə çox mühüm məqamları ehtiva edir. Bu, yalnız Azərbaycan Respublikasının prezidenti vəzifəsinə bir şəxsin seçilməsi ilə bağlı məsələ deyil. Bu, Azərbaycanın gələcək təhlükəsizliyinin qorunması ilə bağlı Azərbaycan xalqının siyasi iradəsinin ifadəsi olacaq.


AFN.az xəbər verir ki, bunu İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib. O, qeyd edib ki, 44 günlük müharibədə Azərbaycana uduzan beynəlxalq güclər bu seçkilərlə, Azərbaycanla bağlı çoxlu planlar, senarilər hazırlamışdılar: "Amma onlar yenə uduzdular. Bu da Azərbaycanın nə qədər dəqiq, sərrast, konkret hədəflərə hesablanan siyasət yürütdüyünün göstəricisidir. Zamanla biz bu verilən qərarın bir seçkidən daha böyük miqyaslı olduğunu, Azərbaycanın gələcək 10-20 ilinin taleyini həll edən qərar olduğunu görmüş olacağıq".
F.Şahbazlı müxalif fikirli insanların seçkinin qəfil elan edilməsilə bağlı etirazlarına da münasibət bildirib. Onun sözlərinə görə, ötən seçkilərdən keçən təxminən 6 il müddətdə seçkilərə hazır olmayan qüvvələr əgər seçkilər 1 il sonra keçirilmiş olsaydı, yenə hazır olmayacaqdı: "Türkiyədə seçkiləri izləyirik. Martda seçkilər olacaq, partiyalar 2-3 ildir bu seçkiyə hazırlaşır. Dünyanın hansı ölkəsində hökumət özü gəlib müxalifəti seçkiyə hazırlaşdırır? Sən hər an seçkiyə hazır olmalısan. Əgər 6 il ərzində hazırlaşa bilməmisənsə, 1 ilə necə hazırlaşacaqsan? Bu, sadəcə xalq arasında etimad limiti bitmiş qüvvələrin öz məğlubiyyətlərini sığortalamaq üçün ortaya atdıqları növbəti bəhanədir. Bu adamlar ard-arda neçə seçkidə iştirakdan imtina ediblər. Partiyanın, siyasi təşkilatın ən funksional vəzifəsi seçkilərdə iştirak etməkdir. Əgər seçkidə iştirak etmirsənsə partiya kimi niyə mövcudsan?"



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu