Bizim vaxtımızda təhsil...


Bizim vaxtımızda müəllim mövzunu keçirdi, qaydaları öyrədirdi, kitabdakı tapşırıqların 50-60 faizini, bəzən də hamısını sinifdə çalışdırırdı, qalanını evə tapşırıq kimi verirdi. Əlavə olaraq da tapşırıq verilirdi: misal qur həll elə, tənlik qur həll elə, məsələ qur həll elə, çalışma qur həll elə, cümlələr yaz, imla yaz... İndi müəllim sinifdə qaydanı öyrədir, tapşırığı da ya foto şəklində qrupa atır test kimi, ya da valideynin, demək olar ki, hər rüb azı 7-8 manat verib aldığı test kitabçalarından verir. Uşaq testlə işləməkdən olur robot, əzbərçi.


Bizim vaxtımızda tətildə, şənbə-bazarda sinifdənxaric oxu da tapşırılırdı, məktəbə qayıdanda müəllim soruşurdu nə oxumusan, oxuduğumuzu danışdırırdı. Beləcə bizdə yazmaq bacarığı və oxumaq həvəsi yaranırdı. Yay tətilinə gedəndə azı 7-8 kitab götürürdüm kitabxanadan. Elə olurdu onları oxuyub qurtarırdım və kitabxanaçımız Vidadi əmidən xahiş edirdim, tətil günləri də olsa, kitabxananı açır, o kitabları geri təhvil alır, təzələrini verirdi mənə. Bunların hamısı nə qədər ailədən gələn olsa da, həm də dərs prosesinin nəticələri idi, məktəbdə aşılanmışdı. 11 yaşında olan böyük qızımı hələ yeni-yeni kitab oxumağa cəlb edə bilmişik. Halbuki onu yaşda olanda mən onlarla kitab oxumuşdum artıq. Uşaqların test eləməkdən evdə boş vaxtları qalmır kitab oxumağa... Balalarımızın enerjisini sümürür test tapşırıqları. Sinifdə test edirlər, ev tapşırığı test verilir, KSQ test, BSQ test, monitorinq test, buraxılış imtahanı test, qəbul imtahanı test. Testi də urvatdan saldıq. Biz öyrəşmişik axı hər şeyi urvatdan salmağa. Camaat testlə biliklərini sınayır, biz testlə öyrənirik. Ona görə də Amerikada hava taksisinin sınaq uçuşları keçirilir, biz pulemyot istehsalına başlamağımızla sevinirik. Rəhmətlik Sabir demişkən:
Əcnəbi göyrə balonla gəzir,
Biz hələ avtomobil minməyiriz...

Neçə ki, ən mütərəqqi üsulların belə şitini-şorunu çıxaracağıq, dünyada gedən inkişafın seyrçisi, ən uzağı, yeni kəşf edilən texnologiyaların görməmişcəsinə istifadəçisi olacağıq. Neçə ki, Dövlət İmtahan Mərkəzinin rəhbəri o vəzifədə neçə-neçə yubileylər keçirəcək, Elm və Təhsil Nazirliyini də qamarlamaq üçün övladlarımızın taleyilə oynayacaq, ən əsası, 30 ildir ən önəmli vəzifələrdən birini daşıdığı ölkənin dilində doğru-düzgün danışmayacaq, o müddətdə hansısa kəşf, elmi nəaliyyət kənara dursun, heç təhsildə inkişafdan danışa bilməyəcəyik. Neçə ki, universitetə qəbul orda oxumaqdan çətin olacaq, peşəkar kadr üzünə həsrət qalacağıq. Görün, nəyə sevinirik: filan xəstəxanaya xaricdə işləyən çoxlu azərbaycanlı həkimlər cəlb edilib... Bu, faciədir, dostlar! Bu, həyəcan təbilidir! Bu GÖSTƏRİCİDİR!!!
Çox istəyərdim dərslik müəlliflərinə, o dərslikləri qəbul edib məktəblərdə tədrisinə razılıq verən Elm və Təhsil Nazirliyinin rəhbərliyinə sual ünvanlayım: Əgər dərsliklər yüksək səviyyədədirsə, niyə valideynlər hər ay test kitabçalarına, əlavə vəsaitlərə bu qədər pul xərcləyirlər? Əgər məktəblərdə yüksək səviyyədə təhsil verilirsə, niyə universitetlərə qəbul balları hər il düşür? Bu sualları vermək üçün meydan lazımdır. O meydanlarda biz ola bilmirik, çünki mövqeyimiz tənqiddən yanadır...

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu