Ceyhun Bayramov Macarıstan XİN başçısı ilə regional vəziyyəti müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun noyabrın 23-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində görüşlərdə və sammitdə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşü baş tutub.
AFN.az xəbər verir ki, görüş zamanı Azərbaycan və Macarıstan arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, o cümlədən cari regional vəziyyət müzakirə edilib.
Azərbaycan və Macarıstan arasında siyasi, iqtisadi, nəqliyyat, ticarət, enerji təhlükəsizliyi, təhsil, humanitar və s. sahələr üzrə əməkdaşlığın yüksələn xətt üzrə inkişafını məmnunluqla qeyd edilib. İki ölkə arasında enerji təhlükəsizliyi, o cümlədən alternativ enerji sahəsində əməkdaşlığın inkişafı vurğulanıb.
Nazir Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, sülh gündəliyinin irəli aparılması istiqamətində Azərbaycan tərəfindən atılmış son addımlar və sülh prosesinin perspektvləri barədə ölkəmizin mövqeyi barədə qarşı tərəfə məlumat verib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən aparılan bərpa və yenidənqurma işlərində macar şirkətlərinin iştirakı alqışlanıb.
Nazir Peter Siyarto, Macarıstanın iki ölkə arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu, bu xüsusda mövcud potensialdan istifadənin zəruriliyini qeyd edib. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunluq ifadə olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın roluna istinad edən nazir Peter Siyarto, bu xüsusda həyata keçirilən birgə layihələrin əməkdaşlığa töhfəsini vurğulayıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.