Laçında məzarlıq bölünüb yol çəkilib? - İDDİA+AÇIQLAMA
Sosial şəbəkələrdə Laçın rayonunda məzarlığın ikiyə bölünərək yol çəkilməsi müzakirə edilir.
AFN.az xəbər verir ki, bu barədə əslən Laçından olan təhsil eksperti Arif Gürşadoğlu məlumat yayıb. O bildirib ki, rayon ərazisindəki məzarlıqlardan biri yol çəkilişi zamanı dağıdılıb. Məzarlığın fotosunu paylaşan ekspertin statusu ciddi müzakirələrə səbəb olub. Bəziləri rəylərdə yazaraq bu məzarlığın rayon işğaldan azad edildikdən sonra yenidən bərpa edildiyini bildiriblər. Yeni bərpa edilmiş məzarlığın təzədən dağıdılması insanların təəccübünə və təəssüfünə səbəb olub.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumun sözçüsü Anar Nəcəfli bildirdi ki, məsələ ilə bağlı məlumatı yoxdur. "Agentliyin belə bir layihəsi olmayıb" - deyə A.Nəcəfli qeyd etdi.
Məlumatın dəqiqləşdirilməsi ilə bağlı araşdırmalarımız davam edəcək.