Meksikada qaçırılan bələdiyyə sədri sərbəst buraxıldı
Meksikada yeni nəsil Xalisko karteli tərəfindən zorla saxlanıldığı iddia edilən Kotija şəhərinin meri Yolanda Sançesin sərbəst buraxıldığı açıqlanıb.
Milli Sarayda gündəlik mətbuat konfransında çıxış edən Meksika prezidenti Andres Manuel Lopez Obrador mütəşəkkil cinayətkar qrup tərəfindən qaçırıldığı iddia edilən bələdiyyə sədrinin azad edildiyini təsdiqləyib.
Lopez Obrador bildirib ki, bu gün saat 05:00-da İctimai Təhlükəsizlik Naziri bələdiyyə sədrini xilas etmək üçün milli qvardiyadan dəstək istəyib. Daha sonra bələdiyyə sədrinin sərbəst buraxıldığı təsdiqlənib.
Sançesin sentyabrın 23-də ticarət mərkəzindən çıxarkən zorla maşına mindirilərək qaçırıldığı açıqlanıb.
Yerli mətbuatda ölkənin ən təhlükəli narkokarteli kimi tanınan Xalisko dəstəsinin bir müddətdir ki, Sançesi hədələdiyi bildirilirdi.