İran mediası Azərbaycanın antiterrorundan nə yazır? – “Rusiyanın müdaxiləsi…”
Sentyabrın 19-da Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ordusunun Qarabağda yerləşən silahlı qüvvələrinə qarşı antiterror əməliyyatına başlayıb və bu dərhal İran mətbuatında öz əksini tapıb. Bu barədə əməliyyata başlayandan dərhal sonra qonşu ölkənin rəsmi xəbər agentlikləri, o cümlədən regional məsələlərə daha çox diqqət ayıran yarı rəsmi onlayn media məlumat yayıb.
Ölkə.Az “Кавбюро”ya istinadən xəbər verir ki, rəsmi dövlət televiziyasına məxsus “iribnews”, “irna”, ISNA agentliyi, yarı rəsmi “tasnimnews”, “farsnews”, “mehrnews” kimi saytlar hərbi əməliyyatları əsasən Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı əsasında təqdim ediblər.
Bununla belə, media başlıqlarında və təqdimatlarında bəzi fərqlər var. Belə ki, İSNA dövlət agentliyi “Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayıb” başlıqlı məqalədə yazsa da, digər rəsmi media orqanı İRİB (“iribnews”) başlıqda Azərbaycanın Ermənistana “hücum” etdiyini bildirib.
Daha bir maraqlı detal ondan ibarətdir ki, əvvəllər Azərbaycana qarşı sərt mövqe sərgiləyən tasnimnews, “farsnews”, “mehrnews”, İİKK-ya yaxın media kimi saytlar bu dəfə nisbətən loyal mövqe tutmağa çalışıblar. “Tasnim” əlavə əməliyyat yeniləmələri təqdim edib. “Fars” və “Mehr” agentlikləri xəbəri “Azərbaycanın Qarabağda hərbi əməliyyatları” kimi təqdim ediblər.
“Tasnim” agentliyi əlavə edib ki, Rusiya vəziyyətə müdaxilə etməyəcək. “Tələbə agentliyi” İSNA xəbəri belə təqdim edib: “Azərbaycan Respublikası Qarabağda “antiterror əməliyyatı”nın başladığını elan etdi”.
Hələlik Azərbaycanın cənub qonşusunun mediası ciddi “əl yelləmədən” rəsmi məlumatları təqdim edir. Lakin əməliyyatlar uzanarsa, bunun dəyişəcəyi gözlənilir.