“Aclıq ayı”nda gözəllik salonlarında vəziyyət necədir?


Məhərrəm ayının bu il avqust ayına təsadüf etməsi, toy-nişan mərasimlərinin kəskin azalması, isti hava, paytaxt sakinlərinin istirahət üçün regionlara və xaricə üz tutması Bakı şəhərindəki gözəllik salonlarının işinə də təsirsiz ötüşməyib.



Gözəllik salonlarının əksəriyyətinin qapıları bu ayda ya tamam bağlanıb, ya da müştərilərinin sayında xeyli azalma müşahidə olunub. Təsadüfi deyil ki, gözəllik salonunda çalışanlar yay aylarını və Məhərrəm ayını öz aralarında “aclıq ayı” adlandırırlar.

Amma bunun əksinə, bu ay ərzində müştəri bolluğu yaşayan gözəllik salonları da var. Həmin salonlarda çalışanlar ənənəvi qaydada öz işlərinin başında olduqlarını vurğulayırlar.

Paytaxt ərazisində fəaliyyət göstərən bəzi gözəllik salonları ilə əlaqə yaradıb onların vəziyyəti ilə maraqlandıq. Məhərrəm ayının onların fəaliyyətini nə dərəcədə təsir etdiyini bir də onların öz dilindən eşitdik.

BAKU.WS-in məlumatına görə, Salon işçisi Firəngiz Hüseynova oxu.az-a bildirdi ki, əvvəlki dövrlərdən fərqli olaraq, indi vəziyyət nisbətən dəyişib:

“İllər öncə qadınlar Məhərrəm ayında gözəllik salonuna getmirdilər. Bu aylarda qadınlar nə saçlarını rənglətdirər, nə də formaya salardılar. Ancaq indi vəziyyət dəyişib. Qadınlar Məhərrəm ayında da gözəllik salonuna gedib, istədikləri prosesi həyata keçirirlər. Bu da normal haldır. Ona görə də bu ayda da müştərilərin sayı əvvəlki illərlə müqayisədə artır. Düzdür, havalar son günlər çox isti keçir. Bu, salona gələnlərin sayını digər aylara nisbətən azalda bilir. Müştərilər salona gəlmək üçün daha çox axşam saatlarına yazılırlar. Lakin müştərilərin azalmasının Məhərrəm ayı ilə əlaqəsi olmadığı qənaətindəyəm. Müştərilərin azalması sırf havaların çox isti keçməsi ilə bağlıdır. Düşünürəm ki, tez bir zamanda müştəri sayı bərpa olunacaq”.

Digər bir salon işçisi Fatimə Abbasova isə işin az olmasından şikayətlənib:

“Təəssüf ki, gözəllik salonlarında son vaxtlar iş azlıq təşkil edir. Düşünürəm ki, buna bahalaşma da təsir edir. Hər şey bahalaşdığı üçün biz də az da olsa, qiymətləri qaldırırıq. Çünki materialın, istifadə olunan ləvazimatların qiyməti də qalxıb. Ona görə də müştərilər bəzən narazılıqlarını ifadə edirlər. İndi isə Məhərrəm ayıdır. Neçə ay öncədən bu aya özümüzü hazırlayırıq. Bilirik ki, iş əvvəlki qədər olmayacaq. Onsuz da iş az idi. Bu aya görə daha da azaldı.

Müştəri sayının azalmasının havanın isti keçməsi ilə bağlılığı yoxdur. Çünki onsuz da yay fəslində müştərilər adətən ya səhər tezdən, ya da axşam gəlirlər. Bu, hər zaman belə olub.

Məhərrəm ayında, bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar. Bunda heç bir problem yoxdur. Dinimizdə Məhərrəm ayı ilə bağlı belə bir məhdudiyyət yoxdur. Lakin müştərilərin bəzisi bunu anlamır. Məhərrəm ayında saç kəsdirmək, boyamaq kimi məsələlər də həmişə insanları narahat edib. Məhərrəm ayında bütün digər aylarda olduğu kimi, saça boya qoymaq və saç kəsdirmək olar”.

Lazer ustası Jalə Əliyeva isə qış ayına nisbətən hazırda salona lazer üçün müraciət edənlərin sayının normal olduğunu söyləyib:

“Qışda vəziyyət daha pis idi. Qadınlar 3-4 aydan bir gəlirdilər. Lazer epilyasiyası onsuz da qadının hər gün getdiyi yer ola bilməz. Minimum ayda bir dəfə gələ bilərlər. Qışa nisbətən yayda 1-2 aydan bir olsa da gəlirlər. Mütəmadi gəlmək lazımdır. Çünki effekt pozula bilər. Lakin əvvəlki illərə nisbətən azalma var. Əvvəllər daha çox idi. Qiymətlərdə də endirim var. Baha deyil. Müştəriləri məmnun etmək üçün kampaniyalar da təşkil edirik. Müştəri azalmasının səbəbi düşünmürəm ki, Məhərrəm ayı olsun. Çünki təmizlənmək günah sayıla bilməz. Bu havanın çox isti keçməsi ilə də bağlı ola bilməz. Əksinə, yayda dəniz və hovuz mövsümü olduğu üçün müraciətlər daha çox olmalıdır”.

Dırnaq ustası Cəmilə Əvəzli də müştərisinin çox olmasından məmnunluqla danışıb:

“Müştəri sayının azaldığını düşünmürəm. Hər bir qadın baxımlı olmaq istəyir. Buna görə də ayda bir dəfə də olsa müraciət edirlər. Düşünürəm ki, əvvəlki illərə nisbətən qadınlarımız daha baxımlı olublar. Reallığı desək, əvvəllər daha çox işləyən qadınlar gözəllik salonlarına üz tuturdularsa, indi fərq etmir. Düşünürəm ki, hər bir xanım baxımlı olmalıdır. Məhərrəm ayında əvvəllər də müraciətlər olub. Kimsənin bu aya görə, baxımından qalacağını düşünmürəm. Çünki bu düzgün də deyil. Yay aylarında isə əksinə müraciət daha çox olur”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu