Türkmənistan Transxəzər layihəsində əməkdaşlığa hazır olduğunu bəyan edib


Türkmənistanın xarici işlər naziri Rəşid Meredov bildirib ki, Türkmənistan Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində avropalı tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazırdır.


Rəşid Meredov Xəzər dənizi günü münasibətilə keçirilən "Xəzər dənizi-Sülh və Dostluq dənizi" mövzusunda forumda çıxış edib.

Xəzər dənizi gününün böyük ölçüdə Türkmənistanın səyləri sayəsində beynəlxalq tədbirlər təqviminə daxil edildiyini bildirən Meredov, "Ölkəmiz Xəzər gündəmində olan bütün məsələlərlə bağlı tərəfdaşlarla dialoqa hər zaman hazırdır və bu mövzuda müzakirələrə açıqdır" deyə qeyd edib.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin ilk iclasının 1996-cı ilin noyabrında Aşqabadda keçirildiyini xatırladan XİN rəhbəri vurğulayıb ki, bu görüş Xəzərin hüquqi statusunu müəyyən edən beştərəfli sənədin hazırlanması üzrə birgə işin başlanğıcı oldu.

Meredovun sözlərinə görə, daha sonra Türkmənistanın təşəbbüsü ilə Xəzərə sahili olan ölkələrin dövlət başçılarının ilk görüşü 2002-ci ildə Aşqabadda baş tutub və beştərəfli əməkdaşlığın əsası qoyulub. Uzun illər davam edən əməkdaşlıq nəticəsində 2018-ci ildə Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya qəbul edilib.

Xəzər sahilindəki qonşu ölkələr və regiondan kənar dövlətlərlə iqtisadi əməkdaşlığı inkişaf etdirməyi hədəflədiklərini bildirən Meredov, “Bu cür əməkdaşlığa misal olaraq, qitələrarası nəqliyyat dəhlizlərinin, xüsusilə “Xəzər dənizi-Qara dəniz”in yaradılması istiqamətində görülən işləri göstərmək olar. Bununla bağlı sənəd 2019-cu ilin martında Buxarestdə Türkmənistan, Azərbaycan, Gürcüstan və Rumıniya xarici işlər nazirləri tərəfindən imzalanıb” - deyə qeyd edib.

Enerji sektorunda şaxələndirmə strategiyasına sadiq olan Türkmənistanın Transxəzər boru kəməri layihəsinin həyata keçirilməsində avropalı tərəfdaşlarla əməkdaşlığı davam etdirməyə hazır olduğunu deyən XİN başçısı bunun təkcə iqtisadi və kommersiya baxımından sərfəli layihə olmadığını, həm də maraqların və faydaların bərabər şəkildə nəzərə alındığını vurğulayıb. Nazir həmçinin bunun qlobal enerji təhlükəsizliyinin və davamlılığının təmin edilməsi üçün əsas şərt kimi qəbul edilə biləcəyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu