Zelenski: Ruslar bilərəkdən taxıl ticarəti infrastrukturunu hədəfə alıblar
Rusiya bilərəkdən Ukraynanın taxıl ticarəti infrastrukturunu hədəf alıb.
AFN.az xəbər verir ki, Bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib. Zelenski sosial media hesabından verdiyi açıqlamada dünən axşam rusların Odessa, Jitomir və digər bölgələrə hücumları ilə bağlı iclas keçirdiyini qeyd edib.
Hücumlarla bağlı səlahiyyətlilərdən məlumat aldığını qeyd edən Zelenski, “Rusiya terrorçuları bilərəkdən taxıl ticarəti infrastrukturunu hədəfə alıblar və hər bir rus raketi təkcə Ukrayna üçün deyil, normal və təhlükəsiz həyat istəyən hər kəs üçün zərbədir" - deyə vurğulayıb.
"Mən əsgərlərə insanların və liman infrastrukturlarının mühafizəsini gücləndirməyi tapşırmışam, Xarici İşlər Nazirliyinə isə terrorçu dövlətə təzyiqi artırmaq və Ukrayna taxılının normal ixracını saxlamaq üçün tərəfdaşlarla əlaqələri aktivləşdirməyi tapşırmışam", - deyə Ukrayna prezidenti bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığından verilən açıqlamada rusların ötən gecə Ukraynanın cənubunda intensiv raket və pilotsuz uçuş aparatı ilə hücum təşkil etdiyi bildirilib.
"Ruslar taxıl və neft terminalını vurublar, çənlər və yükləmə avadanlığı zədələnib, yanğın baş verib, bütün səlahiyyətli xidmətlər nəticələrin aradan qaldırılması üçün çalışır", - deyə bəyanatda bildirilir.