Zelenski Makron və Ərdoğanla danışdıqdan sonra Baydenə zəng vurub
Ukrayna Prezidenti Vladimir Zelenski ilə Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden arasında telefon danışığı olub.
AFN.az UNİAN-a istinadən xəbər verir ki, Zelenski ABŞ-ın Ukraynaya göstərdiyi misilsiz müdafiə və maliyyə yardımına görə minnətdarlığını bildirib: “Bu yardım təkcə döyüş meydanında uğur qazanmağa kömək etmir, həm də Ukrayna iqtisadiyyatının sabitliyinə dəstək verir”.
O, Ukrayna üçün effektiv hava hücumundan müdafiə sisteminin formalaşdırılmasının vacibliyini qeyd edərək bildirib ki, Ukraynanın mülki əhalisini və onun mühüm infrastrukturunu qorumaq üçün mümkün olan hər şeyi etmək lazımdır və bu Ukraynada qış mövsümünün başlandığı indiki vaxtda xüsusilə vacibdir. Zelenski mətbuata açıqlamasında bildirib ki, Bayden lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə hazır olduğunu, həmçinin ABŞ-ın beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Ukraynanın suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyini təsdiqləyib.
Dekabrın 11-də prezident Zelenski Fransa prezidenti Emmanuel Makronla telefon danışığı aparıb. Dövlət başçıları G7 sammiti öncəsi mövqelərini dəqiqləşdiriblər. Bundan əlavə, müdafiə və energetika sahəsində əməkdaşlıq məsələsini müzakirə ediblər. Daha sonra Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıb. Onlar taxıl dəhlizinin işini və mümkün genişləndirilməsini, həmçinin “Ukraynadan taxıl” təşəbbüsünün dəstəklənməsini müzakirə ediblər. Qeyd edək ki, Ərdoğan Ukrayna prezidenti ilə danışmazdan əvvəl Rusiya Federasiyasının prezidenti Putinlə müzakirələr aparıb.