Blinken iki FSB zabitinə qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb
ABŞ dövlət katibi Blinken Rusiya FSB-nin iki əməkdaşına qarşı sanksiya tətbiq olunduğunu açıqlayıb.
Birləşmiş Ştatlar iki Rusiya vətəndaşı Yeqor Popov və Aleksey Suxodolova qarşı ABŞ-da demokratik proseslərə xələl gətirməyə cəhd etdikləri üçün sanksiya tətbiq edib.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat verib.
ABŞ hakimiyyəti iddia edir ki, Suxodolov və Popov Rusiyanın Qloballaşmaya Qarşı Hərəkatına da rəhbərlik edən FSB agentləridir. Popov Rusiya Qloballaşmaya Qarşı Hərəkatının lideri Aleksandr İonovun kuratorudur. Suxodolov Popovun bölməsinin rəisi kimi göstərilir.
“Demokratiyamızı qorumaq, müttəfiqlərimizi və tərəfdaşlarımızı qorumaq üçün Birləşmiş Ştatlar Kremlin bədxah təsir əməliyyatlarının qarşısını almaq və pozmaq üçün hərəkətə keçməyə davam edəcək”, - deyə Blinken vurğulayıb.
2022-ci ilin iyulunda ABŞ Ədliyyə Nazirliyi rusiyalı Aleksandr İonovu Amerika cəmiyyətinə zərərli təsir göstərmək üçün çoxillik kampaniya təşkil etməkdə ittiham edib. Departamentin məlumatına görə, İonov Rusiya FSB-nin göstərişi ilə hərəkət edib, ABŞ daxilində amerikalılar arasında nifaq salmalı və yerli seçkilərə müdaxilə etməli olan siyasi qruplar yaradıb.