Qənirə Paşayeva Qazax Milli Konservatoriyasında Azərbaycan-Qazaxıstan mədəniyyət-incəsənət əməkdaşlığı haqda məruzə edib


Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Qazaxıstanın Almatı şəhərində yerləşən Kurmanqazı adına Qazax Milli Konservatoriyasının Şopen adına Kamera zalında təşkil olunan görüşdə Azərbaycanla Qazaxıstan arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq mövzusunda geniş məruzə ilə çıxış edib.


AFN.az xəbər verir ki, Q.Paşayeva ölkələrimiz arasında tarixdən – ortaq keçmişdən gələn, müstəqillik dönəmində öz qızıl dövrünə qədəm qoymuş və gələcək nəsillərə yol göstərən – ortaq gələcəyə aparan qardaşlıq bağlarından, ortaq dəyərlərdən, bütün Türk dünyası üçün əziz olan mədəni mirasdan söz açıb.
Q.Paşayeva 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunduğunu, Azərbaycanın Şuşa şəhərinin – Qafqazın Konservatoriyasınınsa 2023-cü il üzrə Türk dünyasının Mədəniyyət paytaxtı statusu daşıdığını bildirərək, hər iki əlamətdar hadisə ilə bağlı ürək sözlərini bölüşüb. O, Heydər Əliyevin Azərbaycan-Qazaxıstan qardaşlıq-dostluğuna yalnız müstəqillik illərində deyil, Sovet dönəmində də xüsusi məhəbbətlə, diqqət-qayğı ilə yanaşdığını qürurla vurğulayıb, unudulmaz tarixi faktlara müraciət edib. Azərbaycanın Mədəniyyət paytaxtı Şuşanın Türk dünyasına bəxş etdiyi sənət adamlarından bəhs edən Q.Paşayeva, Şuşanın Türk dünyasının paytaxtı olmasını, Qazaxıstanın türkistan şəhəri ilə rəsmən qardaşlaşmış şəhər olmasının məziyyətlərini şərh edib.
Sonra, Konservatoriyaya adı verilmiş Kurmanqazı Sağırbayulını (1823–1896) ehtiramla yad edən Komitə sədri, qardaşlıq əlaqələrimizin ulu qazax sənətkarının – qazaxların klassik bəstəkarı və instrumentalistinin adı işığında şərh edib:
“Ötən il avqustun 24-də Prezidentlərimiz İlham Əliyev və Kasım-Jomart Tokayev Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış oldu. Füzuli – Qazaxıstanın Xəzərin o biri tayındakı qardaş ölkəsi Azərbaycanın 27 il Ermənistanın işğalında qalmış şəhərinin adıdır. Şəhər deyirik amma vandallar orada şəhər, qəsəbə, kənd, abidə, ibadətgah, qəbristanlıq, hətta flora-fauna demədən hər yeri, hər şeyi dağıdıb, viran qoyublar. 2020-ci ilin 27 sentyabrdan başlayan 44 günlük II Qarabağ müharibəsi ilə biz ərazilərimizi, o cümlədən Füzulini azad etmişik və qardaş Qazaxıstan vandallığın yerinə quruculuq, mədəniyyət qayıtması üçün Kurmanqazı adının işığında böyük təhsil-sənət kompleksi tikir. Bu Füzulinin, Kurmanqazının, bir sözlə, əcdadımızın ruhunu şad edən, gələcək nəsillərə örnək olan bir hadisədir!
Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsi Qazaxıstan Prezidentin şəxsi tapşırığı əsasında qısa müddət içində hazırlanıb. Artıq 2 ha ərazidə müəyyən edilmiş məkanda sürətli və keyfiyyətli tikinti-quruculuq işləri gedir. Orada çağdaş memarlığa və Füzuli şəhərinin baş planına uyğun binalar, amfiteatr inşa edilir. Mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür ortam mövcud olacaq.

Bəli, Qazaxıstanın böyük oğlunun adı, onun vəfatından 126 il sonra Türk dünyasının başqa bir böyük sənətkarı – Şərqin qüdrətli söz ustadı Füzulinin adını daşıyan Azərbaycan rayonunda da əbədiləşdirilir.

Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzində Füzulinin gələcək şən sakinləri, yetənəkli balalarımız dörd istiqamətə yararlana biləcək:

musiqi – vokal və xor oxuma;

çağdaş texnologiyalar;

sənət və yaradıcılıq (dulusçuluq, heykəltaraşlıq) və

idman, xoreoqrafiya...

Qardaşlığımıza xeyirli-uğurlu olsun! Belə bir düşüncəyə gəlmək, fikir hasil etmək, layihələndirmə aparmaq və gerçəkləşdirmək özlüyündə xeyirdir, uğurdur”.

Sözünə davam edən Komitə sədri deyib: “Qardaş Qazax xalqının mübariz sənətkar oğlunun adı Füzuli şəhərindəki yeni mədəniyyət ocağına çox yaraşacaq! Orada yetişən, qanadlanan yeniyetmə və gənclər Füzulinin, Qarabağın, Azərbaycanın gözəlliklərini bütün Türk dünyasına yayacaqdır!

Heç nə təsadüfi deyil! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qazaxıstanın ən yüksək dövlət təltifi “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif olunması da özündə rəmzlər və dərin məna daşıyır. Qardaş ölkənin ən yüksək ordenini dövlət başçımıza təqdim edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu qürurverici tarixi sözləri demişdi: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

Qoy, Altın kıranın – Qızıl qartalın qanadlandığı göy üzü heç vaxt qaralmasın, üfüqü heç vaxt daralmasın”!

Komitə sədri Q.Paşayevanın məruzəsi alqışlarla qarşılanıb.

Sonra Q.Paşayeva Qazaxıstanın elm, təhsil, mədəniyyət ocaqları ilə səmərəli əlaqələr sahəsində əməkdaşlıq məsələlərinin də əks olunduğu “Qardaş ölkəm Qazaxıstan” kitabını, habelə həmmüəllifi olduğu – qazaxca çıxmış “Qarabağdan doğan Günəş - Xudşirbanu Natəvan”, “Qarabağ hekayələri” kitablarını tədbir iştirakçıları üçün imzalayıb.

Sonra Konservatoriya rəhbərliyi ilə görüşən Q.Paşayeva, bu ali təhsil, sənət və elm ocağının rektoru əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülnar Əbdrəhmanla ətraflı müzakirələr aparıb, qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən əməkdaşlığın gücləndirilməsi mövzularını müzakirə edib.
Q.Paşayeva müəllifi olduğu “Qardaş ölkəm Qazaxıstan” kitabını, həmmüəllifi olduğu – qazaxca çıxmış “Qarabağdan doğan Günəş - Xurşidbanu Natəvan” və “Qarabağ hekayələri” kitablarını konservatoriya kitabxanasına təqdim edib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu