Qənirə Paşayeva Qətərin Azərbaycandakı səfiri ilə görüşüb


Millət vəkili, parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qətər Dövlətinin ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab ilə görüşüb. Görüş bu ölkənin Azərbaycandakı səfirliyində baş tutub.


Səfir Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab Qətər-Azərbaycan münasibətləri haqqında danışıb, mədəni əlaqələrin güclənməsi istiqamətində görülə biləcək işlər barədə fikirlərini bölüşüb.
Səfir dost ölkələrimiz arasında mədəni əlaqələrin güclənməsinin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb. O, Q.Paşayevanı Asiya parlament Assambleyası sədrinin müavini seçilməsi münasibətilə təbrik edib.
Q.Paşayeva görüşə və xoş sözlərə görə səfirə təşəkkür edərək, ölkələrarası mədəni əlaqələrdən söz açıb. Komitə sədri Azərbaycanla Qətər arasında rəsmi və ictimai institutların xətti ilə baş tutan görüşlərin məmnunluq doğurduğunu, əlaqələrin gücləndirilməsi üçün daha çox potensial olduğunu bildirib.
Mədəniyyət sahəsində əməkdaşlıqdan danışan Q.Paşayeva, 30 noyabr 2004-cü ildə Doha şəhərində “Azərbaycan Respublikası Hökuməti və Qatar Dövləti Hökuməti arasında mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq haqqında Saziş”, 27 fevral 2017-ci il tarixində isə “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalandığını məmnuniyyətlə xatırladıb.
Qeyd olunub ki, 2009-cu il iyunun 6-dan 11-dək Azərbaycan Respublikasında ilk dəfə olaraq Qətər Mədəniyyət Günləri keçirilib. Mədəniyyət, İncəsənət və İrs üzrə Qətər Milli Şurasının Baş katibinin başçılığı ilə mədəniyyət-incəsənət xadimlərindən ibarət 58 nəfərlik Qətər nümayəndə heyəti sözükeçən tədbirdə iştirak edib.
2010-cu il iyunun 1-dən 4-dək Qətər Dövlətində ilk Azərbaycan Mədəniyyət Günləri təşkil edilib. Azərbaycan Respublikasının 150 nəfərlik nümayəndə heyəti Mədəniyyət Günlərində iştirak etmək məqsədilə Qətərə səfər edib.
Mədəniyyət Günləri çərçivəsində tamaşaçılara Azərbaycan Dövlət Xalq İnstrumental Musiqi və Rəqs Ansambllarının ifaları, Dövlət Akademik Opera və Balet Teatrı artistlərinin ifasında Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operası təqdim edilib.
Görüşdə xüsusi vurğulanıb ki, Azərbaycanla Qətər arasında qardaşlıq, dostluq bağlarına uyğun olaraq, ikitərəfli qarşılıqlı siyasi dəstək, birgə güclü və etibarlı tərəfdaşlıq münasibətləri mövcuddur və bu mədəni əməkdaşlığa güclü zəmin yaradır. Təsadüfi deyil ki, ölkələrimiz beynəlxalq təşkilatlarda çox səmərəli fəaliyyət göstərirlər.
Səfirlə Milli Məclisin Komitə sədrinin görüşündə qarşılıqlı mədəni əlaqələrin gücləndirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu