Böyük Britaniya Belarusa qarşı sanksiyaları genişləndirir
Böyük Britaniya hökuməti Belarusa qarşı bir sıra malların idxal və ixracını məhdudlaşdıran yeni sanksiyalar paketi tətbiq edib.
AFN.az-ın xəbərinə görə, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin cümə axşamı yaydığı məlumatda deyilir.
Departamentin rəhbəri Ceyms Kleverli bildirib ki, yeni sanksiyalar paketi Rusiyanın Ukraynanın ərazi bütövlüyünə məhəl qoymadan həyata keçirdiyi hərbi əməliyyatlara fəal töhfə verən Lukaşenko və onun rejiminə iqtisadi təzyiqi artırır. "Biz Ukraynaya nə qədər lazımdırsa, onu güclü şəkildə dəstəkləməyə davam edəcəyik. Böyük Britaniya Putinə müharibədə kömək edənlərə qarşı yeni tədbirlər görməkdən çəkinməyəcək" - deyə Ceyms Kleverli vurğulayıb.
Tətbiq olunan sanksiyalar Belarusdan qızıl, taxta, rezin və sement idxalına qadağa qoyulmasını nəzərdə tutur. Belarusa sənaye avadanlıqlarının, əskinasların və kimyəvi və bioloji silahların yaradılması üçün istifadə oluna bilən malların tədarükünə də məhdudiyyətlər qoyulur. Məhdudiyyətlər onunla izah olunur ki, Belarus rəhbərliyi Rusiyaya öz ərazisindən və hava məkanından istifadə edərək Ukrayna ərazisinə raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə zərbələr endirməyə icazə verib və həmçinin Rusiya qoşunlarına maddi-texniki dəstək göstərib.
Sanksiyalara məruz qalan Belarus mediasına Böyük Britaniyada təbliğat aparmağa imkan verməmək də nəzərdə tutulur. Bu o deməkdir ki, sosial şəbəkələr və internet provayderləri sanksiyalara məruz qalan Belarus KİV-lərinin saytlarına girişi məhdudlaşdıracaqlar. Qeyd edək ki, bu, artıq sanksiyaya məruz qalan Rusiya təşkilatlarına münasibətdə də edilir.