Xaçmaz sakinlərindən Cəmil Məmmədliyə dəstək - FOTOLAR


Xaçmaz sakinləri tanınmış bloger, ictimai fəal Cəmil Məmmədliyə qarşı açılan haqsız məhkəmə prosesindən narazıdırlar.


AFN.az xəbər verir ki, bir qrup rayon sakini məsələ ilə bağlı ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciət ünvanlayıb. Müraciət müəllifləri bildirirlər ki, C.Məmmədliyə qarşı analoqu olmayan haqsızlığa, ədalətsizliyə göz yuma bilmirlər. "Cəmil Məmmədli rayonda və regionda baş verən bütün qanunsuzluqları, haqsızlıqları obyektiv şəkildə işıqlandırır. Hər zaman rayon ictimaiyyətinin yanındadır. İstər Xaçmazda, istərsə də rayonun kəndlərində yaşayan insanlar arasında bir nəfər də tapılmaz ki, Cəmil Məmmədliyə qarşı mənfi fikirdə olsun" - deyən sakinlər ona qarşı son zamanlar müxtəlif təzyiqlərin artdığını bildiriblər. Rayon sakinləri hesab edirlər ki, C.Məmmədliyə qarşı aparılan bu kampaniyanın arxasında müəyyən qüvvələr dayanır. O səbəbdən də onlar ölkə rəhbərliyindən C.Məmmədliyə yönəlmiş təzyiqlərə son qoyulmasını xahiş edirlər.

C.Məmmədli AFN.az-a açıqlamasında imza toplayan və hazırda imza toplamaqla məşğul olan dostlarına, həmyerlilərinə təşəkkür etdiyini bildirdi: "Həmçinin, bu məsələdə mənə güvənib, dəstək verən hər kəsə minnətdaram. Üzümə köhnə YAP-çı və bu gün AĞ partiyaçı Fuad Habibov, Xaçmaz YAP sədrinin oğlu Cavid Balaqadaşovun və iki dəfə rəsmən dələduzluqla tutulan reket jurnalist Dəyanət Məmmədovun yalandan durmağından bilinir bu işin nədən ibarət olduğu. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəm".

Qeyd edək ki, Cəmil Məmmədli regionda həm jurnalist, həm bloger kimi fəaliyyət göstərir. Bir neçə il əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısının şikayəti üzrə təhqirə görə islah işləri cəzasına məhkum olunub. Bu ilin əvvəlində ona qarşı böhtan və təhqir ittihamı ilə bir neçə məhkəmə işi başlayıb. Jurnalistə həmçinin, xuliqanlığa görə cinayət işi açılıb.

Məmmədli bütün ittihamları rədd edir, təzyiqlərin onu susdurmağa, sıradan çıxarmağa xidmət etdiyini bildirir.











AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu