"Samsung" batır: şirkətin əməliyyat mənfəəti birinci rübdə 100 faizə yaxın azalıb
Cənubi Koreyanın “Samsung Electronics” şirkətinin 2023-cü ilin birinci rübündə əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 95,7% azalıb.
AFN.az xəbər verir ki, bunu korporasiyanın rəsmi saytında dərc edilmiş ilkin məlumatları sübut edir. Şirkətin 2023-cü ilin birinci rübünün ilkin nəticələrinə görə konsolidə edilmiş satışlar 63 trilyon von (təxminən 47 milyard dollar), əməliyyat gəlirləri 0,6 trilyon von (454 milyon dollar) təşkil edib. "Əvvəlki rüblə müqayisədə satışlar 10,59 faiz, əməliyyat mənfəəti 86 faiz azalıb. Ötən ilin eyni dövrü ilə müqayisədə satışlar 19 faiz, əməliyyat mənfəəti isə 95,75 faiz azalıb", - deyə şirkətdən bildirilib.
2022-ci ilin birinci rübündə əməliyyat gəlirləri 14,12 trilyon von (təxminən 10 milyard dollar) təşkil edib. Cənubi Koreya mətbuatının məlumatına görə, hazırkı göstərici 2009-cu ilin birinci rübündən bəri ən pis göstəricidir. Şirkət özü əməliyyat mənfəətinin aşağı düşməsini informasiya və kommunikasiya sənayesində məhsullara tələbatın zəif olması ilə əlaqələndirir.
Bundan əlavə, Cənubi Koreya nəhəngi çip qiymətlərinin düşməsi və həddən artıq tədarük fonunda yaddaş çiplərinin istehsalının qısa müddətdə "əhəmiyyətli səviyyəyə" qədər azaldığını bildirib. Bütün bunlara baxmayaraq, "Samsung Electronics" texnoloji inkişaflara sərmayə qoymaq planlarını reallaşdırmaqda qərarlıdır.