Yüksək qiymət, aşağı xidmət, itirən Azərbaycan turizmi... - Hotellərin tətil təklifləri yenə kəllə-çarxda


Qarşıdan Novruz bayramı münasibətilə tətil günləri gəlir. Azərbaycanda quru sərhədləri bağlı olduğuna görə əksər vətəndaşlarımız istirahətlərini regionlarda keçirmək istəsələr də hotellərin və istirahət məkanlarımızın sürpriz qiymətlər paketi onlara əsl şok yaşadır.


Bayram günlərində “qaz vurub, qazan doldurmaq” prinsipi ilə işləyən hotel sahibləri nəticədə Azərbaycanda xüsusilə daxili turizmin inkişafına necə böyük zərbə vurduqlarını nəzərə almırlar. İtirən isə sadə vətəndaşlarımız və ölkə turizmidir.



Vüqar Bayramov: “1 və 2 ulduzlu hotellərin tikilməsi vacibdir”

İqtisadçı, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov öz facebook səhifəsində problemin səbəblərinə və həlli yollarına diqqət çəkib. O, ESD-nin qiymət monitorinqlərinin nəticələrinə əsasən qeyd edib ki, bayram günlərində hotellərdə qiymətlər adi günlərlə müqayisədə orta hesabla 3 dəfə baha olacaq. Vüqar Bayramov yazır ki, regionlarda turizmin inkişafı vacibdir və bu, valyutanın ölkədə qalması baxımından da prioritetdir. Amma turizm xidmətlərinin və eləcə də hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır: “Turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərindən biri 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır. Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər 1 və 2 ulduzlu hotellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turist cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5 ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Buna görə də az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımından vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”.



Hotel və istirahət mərkəzlərinin bayram və tətil günlərində qiymətləri bu qədər qaldırmasına dövlətin hər hansı formada təsir mexanizmi varmı?

Azərbaycan Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva sualımıza cavab olaraq bildirdi ki, Dövlət Turizm Agentliyi qiymət tənzimlənməsi prosesində birbaşa iştirak etmir: “İqtisadiyyatın digər sahələri kimi turizmdə də qiymətlər tələb və təklifə uyğun olaraq formalaşdığından bu sahədə birbaşa dövlət tənzimlənməsi mövcud deyil. Dövlətin bu istiqamətdə əsas strategiyası bazarda təkliflərin sayının artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasına dəstək verməkdən ibarətdir”.



Günay Sağlam: “Vətəndaşlar Antiinhisar Xidmətinə müraciət etsinlər”

Azərbaycan Hotel Assosiasiyasının icraçı direktoru Günay Sağlam isə deyir ki, hotellərdə zaman-zaman qiymət artımları olur. Bu, Bakıda yerləşən hotellərdə böyük tədbirlər zamanı yüksək tələb olanda baş verir. Region hotellərində isə bayram günlərində, həftəsonları və mövsümqabağı qiymətlər qalxır. Azərbaycanda azad bazar iqtisadiyyatıdır, qiymətlər heç bir qurum tərəfindən tənzimlənmir. Təbii ki, bu durumdan vətəndaşlarımız məmnun deyillər. Lakin assosiasiyamıza verilən məlumata görə, bayram günləri üçün əksər hotellər artıq dolub. Bu isə o deməkdir ki, tələb var, bu tələb də hotellərə qiymətləri qaldırmaq üçün əsas verir.
Assosiasiya rəhbəri onu da deyir ki, qiymətləri yalnız o zaman tənzimləmək olar ki, regionlarda nisbətən aşağı ulduzlu hotellərin, qonaq evlərinin sayı çoxalsın: “Bu zaman rəqabətli mühit yaranacaq, istədiyimiz qiymətləri ala biləcəyik. Bunun üçün öncə sahibkarlara əlverişli mühit yaratmaq lazımdır ki, yeni məkanların tikilməsində maraqlı olsunlar”.
Müsahibimizin fikrincə, 5 ulduzlu hotellər daha yüksək xidmət verdiyinə görə qiymətlərinin də yüksək olması normaldır. Lakin təəssüflər olsun ki, bəzi hallarda hotellərin ulduz sayı ilə göstərdiyi xidmət səviyyəsi uyğun gəlmir. Əsas problem də elə burada yaranır: “İllərdir bu məsələni qaldırırıq müxtəlif səviyyələrdə. Hotellərin ulduz təsnifatını beynəlxalq proqram əsasında Azərbaycan Turizm Bürosu ilə Azərbaycan Hotel Assosiasiyası birlikdə aparır. Bu günə qədər bir çox hotelləri ulduz təsnifatından keçirmişik. Düzdür, “Turizm haqqında” yeni qanun təsdiqləndikdən sonra hotellər özləri ulduz almaq üçün müraciət edir. Amma müraciət etmədən özü üçün ulduz dərəcəsi müəyyənləşdirənlər də var və belə hotellərin sayı kifayət qədər çoxdur. Biz bu problemi müxtəlif qurumlar qarşısında dəfələrlə qaldırmışıq. Çünki burada istehlakçıların hüquqları pozulur. Problemi həll edəcək qurum isə biz deyilik. Təsəvvür edin, hotel özünə 4-5 ulduz kateqoriyası müəyyənləşdirir, göstərdiyi xidmət isə heç 3 ulduz səviyyəsində deyil. Hesab edirəm ki, burada ən böyük problem düzgün rəqabətin aparılmamasıdır. Əgər hotellərin sayı çox olarsa, müştəri də harada pis xidmət görsə, növbəti dəfə ora getməz və digər hoteli seçər. İndiki halda isə müştərinin seçim etmək imkanı yoxdur. Pandemiya səbəbindən quru sərhədlərimiz bağlı olduğuna görə vətəndaşlarımız öz regionlarımızı seçirdi istirahət üçün və bu, hotellərə, istirahət mərkəzlərinə özlərinə daimi müştəri kontingenti toplamaq üçün bir fürsət idi. Biz Hotel Assosiasiyası olaraq dəfələrlə bu tövsiyəni vermişik hotellərə. Amma özünə ulduz verən hotellər yüksək müştəri məmnuniyyəti qazana bilmir. Bizim yanaşmamız odur ki, qaldıqları hoteldə onları qane edən xidmət görməyəndə vətəndaşlarımız Antiinhisar Xidmətinə müraciət etsinlər”.
Günay xanım hotellərə tövsiyə də verdi: “Bu bayram günlərində çalışın vətəndaşlara lazımi səviyyədə xidmət göstərin ki, müştəriləriniz başqa ölkələrə getməsinlər, çalışaq bazarımızı itirməyək”.



Müzəffər Ağakərimov: “Bu qiymət siyasəti ilə belə təsəvvür yaranır ki, hotel menecerlərinin əksəriyyətinin hotel idarəçiliyindən xəbərləri yoxdur”

Hotel üzrə mütəxəssis Müzəffər Ağakərimov isə əsas problemin hotel idarəetməsində olduğunu deyir: “Bayram günlərində hotellərin qiymətinin bahalaşmasının səbəbi odur ki, rəqabət yoxdur. Rəqabətin olmaması bəzi işbazların süni qiymət artımına imkan yaradır. Bunun üçün yeni müxtəlif kateqoriyalı hotellər inşa olunmalıdır, sahibkarlara güzəşt və imtiyazlar verilməlidir. 1, 2, 3 ulduzlu hotellərin tikilməsi ilə rəqabətli mühit yaranacaq və bu da qiymətlərdə enişə səbəb olacaq.
Hotel rəhbərləri qiymətləri qaldırmaqla səhv mövqe tutur. Əgər onlar əlavə gəlir əldə etmək istəyirlərsə, Fransa, İspaniya və turizmin inkişaf etdiyi digər ölkələrdə turizm xidmətinin necə təşkil edilməsi mexanizmini öyrənməlidirlər. Bu qiymət siyasəti ilə belə təsəvvür yaranır ki, hotel menecerlərinin əksəriyyəti təsadüfi adamlardır və hotel idarəçiliyindən xəbərləri yoxdur. Çünki onlar çevik və səriştəli iş aparmaq əvəzinə, daha asan yol seçərək qiymətləri qaldırırlar. Hansı ki, daha çox qazanc əldə etmək üçün əlavə xidmətlər paketi yaradıb müştərilərə təqdim etmək, ikiqat gəlir ildə etmək olar”.

***
Sonda qeyd etmək istərdim ki, illərdir hotellərin qiymət siyasəti narazılıq yaradır, hər bayram tətilində, mövsümqabağı bu problem gündəmə gəlir, vətəndaşlar etiraz edir, mütəxəssislər səbəbləri açıqlayır, çıxış yolu göstərir, nəticə isə yoxdur. Daha doğrusu var, sadəcə, mənfi anlamda. Potensialı bizdən qat-qat aşağı olan ölkələr qəbul etdikləri turist sayına görə bizi dəfələrlə qabaqlayır, göstərdikləri xidmətə və təklif etdikləri qiymətə görə turizm reytinqlərində ön sıralarda yer alırlar. Biz yerimizdə sayırıq, itirən isə Azərbaycan turizmi olur...

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu