Ukrayna taxılının dünya bazarına çıxarılması üzrə sazişin müddəti 2 ay uzadılıb
Ukrayna taxılının Qara dəniz vasitəsilə dünya bazarına çıxarılmasını nəzərdə tutan sazişin müddəti daha 2 ay uzadılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Onun sözlərinə görə, taxıl sazişinin uzadılması ilə bağlı razılaşma paketi təsdiqlənib. Nazir müavini əlavə edib ki, Rusiya taxıl müqaviləsi üzrə bütün öhdəliklərin yerinə yetirilməsini təmin etmək üçün əzmlə çalışacaq.
A.Qruşko müqavilənin eyni şərtlərlə uzadıldığını da vurğulayıb.
Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ötən il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub.
2022-ci ilin iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında Ukrayna taxılının dünya bazarına daşınması üzrə saziş imzalanıb.