Sumqayıtda qadın məhkəmədə intihara cəhd etdi
Sumqayıt Apellyasiya Məhkəməsində qadın intihara cəhd edib.
Bu haqda vəkil Elçin Sadıqov məlumat yayıb. O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsi ilə barəsində inzibati icraat aparılan Əliyeva Günay Aqil qızı hər iki biləyini ülgüclə kəsib.
Vəkil məhkəmənin tibb məntəqəsinin işləmədiyini və təcili tibbi yardım briqadasının binaya gec gəldiyini deyib.
Əldə etdiyimiz məlumata görə, G.Əliyeva artıq Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, məhkəmə qərarını icra etməməyə görə barəsində icraat aparılan G.Əliyeva daha əvvəl Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1000 manat cərimə edilib. Lakin bu gün Sumqayıt Apelyasiya Məhkəməsi həmin qərarı dəyişdirərək ona 10 sutka inzibati həbs cəzası təyin edib.
Qadın isə hakim Rəşadət Ağayevin qərarını qanunsuz hesab edərək bu addımı atıb.