Rusiyanın neft gəlirləri sürətlə azalır
Qərbin sanksiyaları və qiymət həddinə görə Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlirlər yanvar ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 faizə yaxın azalıb.
AFN.az-ın məlumatına görə, bu barədə “Reuters” Beynəlxalq Enerji Agentliyinin məlumatlarına istinadən xəbər verir.
BEA-nın məlumatına görə, 2023-cü ilin yanvarında Rusiyanın neft və qaz ixracından əldə etdiyi gəlir 18,5 milyard dollar təşkil edib. Bu, Moskvanın Ukraynaya təcavüzündən bir ay əvvəl əldə etdiyi 30 milyard dollardan 38 faiz azdır.
BEA-nın icraçı direktoru Fatih Birolun sözlərinə görə, buna səbəb Rusiyanın Ukraynada müharibəni davam etdirməsinə kömək edən gəlirlərini azaltmaq üçün bu ölkənin enerji ixracına Qərbin sanksiyalar tətbiq etməsi olub.
Birol bildirib ki, Qərbin tədbirləri neft bazarlarını sabitləşdirmək və Moskvanın neft və qaz ixracından əldə etdiyi gəlirləri azaltmaq məqsədinə çatıb.
BEA neft və qaz gəlirlərindəki bu azalmanın yaxın aylarda daha kəskin olacağını gözləyir. Hətta texnologiyaya və investisiyaya çıxışın olmaması səbəbindən ortamüddətli perspektivdə daha da sərt olacaq”.
Reuters-in hesablamalarına görə, 2022-ci ildə Rusiya qazının Avropaya tədarükü ötən illə müqayisədə təxminən 46 faiz azalaraq 2000-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.
Qeyd edək ki, Rusiya Ukrayna ərazisini işğal etdikdən sonra bir sıra Avropa İttifaqı ölkələrinə qaz tədarükünü dayandırıb. Digərləri isə Rusiya qazından özləri imtina edib. Həmçinin, ixracın azalmasına “Şimal axını”nda baş verən qəza da təsir edib.
M.Vahidli