“Prezidentin seriallara ayırdığı 6 milyonu yedilər” - VİDEO
Aktyor, rejissor Hikmət Rəhimovun “Dikdaban” verilişindəki açıqlaması müzakirələrə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, o, illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini bildirib:
“Bir neçə il əvvəl ölkə başçısı serial sektoruna büdcə ayırdı. Heç nə, pulu basıb yedilər, serial da ortaya çıxmadı. Görürlər ki, iş də getmir... Onda o büdcəni niyə ayırmalıdırlar ki? 6 milyon büdcə ayrılmışdı ki, serialların inkişafına hissə-hissə bölünsün. O pul nə bölündü, nə bir şey olundu, kiminsə əlinə düşdü. Birini dəqiq bilirəm, adını çəkmirəm. 6 milyon Azərbaycanın serial sektoru üçün pis pul deyildi. Bunu da ayırdılar ki, bir az özünüzə gəlin, dirçəlin. Kimsə də pulu götürüb qoydu cibinə, qoy tək mən dirçəlim. Ona görə düzəlmədi”.
Qeyd edək ki, sözügedən Sərəncam 2013-cü ilin aprelində imzalanıb.
Xatırladaq ki, H. Rəhimov bir neçə il əvvəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışırdı. 2016-cı ildə, o, rejissor köməkçisi ilə dalaşdığına görə işdən çıxarılmışdı. Buna etiraz əlaməti olaraq mərhum Xalq artisti Fuad Poladov da teatrdan getmişdi. Məlumata görə, F. Poladov teatrın rəhbəri Xalq artisti Azər Paşa Nemətovdan H. Rəhimovun geri qaytarılmasını xahiş edib. Müsbət cavab ala bilməyən sənətkar teatrla vidalaşıb.