Gürcüstanda görüş... Mirzoyanın açıqlaması daha çox siyasi blef məqsədi daşıyır - ŞƏRH
“Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafında maraqlıdır. Tbilisi platforması Yerevan tərəfindən üçtərəfli müzakirələr müstəvisində nəzərdən keçirilir”.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Armenpress” xəbər agentliyinə müsahibəsində belə deyib. “Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz ikitərəfli Ermənistan-Azərbaycan görüşləri deyil, regional üçtərəfli müzakirələr sahəsində mümkün Tbilisi platformasını nəzərdən keçiririk. İndi Ermənistan və Gürcüstan baş nazirlərinin Azərbaycan Prezidenti ilə görüşü ideyası dolaşır”.
O qeyd edib ki, Ermənistan tərəfi belə görüşə hazır olduğunu bildirib, lakin bu, perspektivli görünmür. Çünki tərəflər nifrət nitqinin kökünün kəsilməsinə sadiq olduqlarını ifadə edən sadə birgə bəyanatı belə razılaşdıra bilmirlər.
Ararat Mirzoyanın bu açıqlamanı verməklə Ermənistanın yeni sülh və əməkdaşlıq platforması təklif etdiyinə dair rəy yaratmağa çalışır. Bununla da rəsmi İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin Cənubi Qafqaz ölkələrindən ibarət üçtərəfli format çərçivəsində həllinin mümkün olduğuna işarə edir. Halbuki, Gürcüstan hökumətinin təklifi və təşkilatçılığı ilə Azərbaycan və Ermənistan arasında humanitar məsələlərin həllinə dair iki dəfə görüş keçirilib. Ötən il iyulun 16-da isə Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşü Tiflisdə baş tutub. Ona görə də Ararat Mirzoyanın irəli sürdüyü təklifdə heç bir yeni təşəbbüs yoxdur. Əksinə, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumunda çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyana Tiflisdə yüksək səviyyədə görüş keçirməyi təklif etdiyini, lakin qarşı tərəfin bundan imtina etdiyini deyib. Üçtərəfli əməkdaşlıq platformasına gəlincə, bu məqsədlə Azərbaycan və Türkiyənin 2020-ci ildə irəli sürdüyü “3+3” formatı var. Ancaq Ermənistan Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəhayət Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan yaynımaqla bu əməkdaşlıqda maraqlı olmadığını nümayiş etdirir. Ona görə də A.Mirzoyanın “Üçtərəfli Cənubi Qafqaz” platforması ideyası Paşinyan hakimiyyətinin sülh danışıqlarından yayınmaq üçün növbəti manipulyasiyası kimi qiymətləndirilə bilər. Eyni zamanda, Ermənistanın Gürcüstanın vasitəçiliyinə üstünlük verdiyinə dair görüntü yaratması Rusiyanı prosesdən kənarlaşdırılmasına hesablanıb. Çünki Gürcüstan bir qayda olaraq neytral vasitəçi statusunda təqdim olunsa da, Qərbin, xüsusilə də ABŞ-ın bölgədəki təmsiliçisi kimi çıxış edir. Yəni danışıqlar masasında Rusiyanın Gürcüstanla əvəz edilməsi daha çox Qərbin maraqlarına cavab verir. Ona görə də bu siyasi layihənin Paşinyana Qərbdən göndərildiyi ehtimalı daha çoxdur. Ancaq qeyri-sabit mövqeyi ilə tanınan Paşinyan hakimiyyətinin Gürcüstanın vasitəçiliyi ilə sülh əldə etməkdə maraqlı olduğu da inandırıcı görünmür. Çünki Ermənistanın Brüssel formatı çərçivəsində əldə olunmuş razılaşmalardan imtina etməklə Qərbin də sülh təşəbbüslərini pozub. Bu baxımdan, Paşinyanın “Üçtərəfli platforma” çərçivəsində əldə oluna biləcək istənilən razılaşmaya əməl edəcəyi şübhə doğurur. Ona görə də Ararat Mirzoyanın açıqlaması isə daha çox siyasi blef məqsədi daşıyır.
M.Vahidli