Müştərinin qohumuna zəng edən bank cərimələndi
Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı qaldırılan iddianı təmin edərək, bank müştərilərinin hüquqlarının qorunması istiqamətində mühüm qətnamə çıxarıb.
AFN.az-ın məlumatına görə, qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir. İş materiallarından məlum olur ki, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan üçüncü şəxslərə (qohumlarına) ötürülüb.
Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır. Bu növ informasiyalar müştərinin rəsmi razılığı olmadan heç bir halda kənar şəxslərə açıqlana bilməz.
"Borc barədə digər şəxslərə məlumat verilməsi həm bank sirrinin və şəxsi həyat sirrinin yayılması, həm də şəxsi həyatın toxunulmazlığı hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir."
Qeyd edək ki, bu qərar bankların borc toplama prosesində (kollaborasiya) istifadə etdikləri qanunsuz metodlara qarşı ciddi hüquqi presedent yaradır. Qanunvericiliyə görə, banklar borclunun razılığı olmadan onun ailə üzvləri və ya iş yeri ilə əlaqə saxlayaraq borc məlumatlarını paylaşa bilməzlər.
