Bakıda 90 uşağın getdiyi bağça TƏHLÜKƏDƏ - VİDEO
Bakının Xətai rayonunda fəaliyyət göstərən Elman Məmmədov adına körpələr evi - uşaq bağçasında vəziyyət acınacaqlıdır. 90 azyaşlının tərbiyə aldığı müəssisədə divarların çatlaması, ağacların aşması və kanalizasiya sisteminin mütəmadi daşması ciddi narahatlıqlara yol açıb.
AFN.az xəbər verir ki, valideynlərin iddiasına görə, təxminən bir ay öncə baş verən güclü yağışlardan sonra bağçanın vəziyyəti daha da pisləşib. Mövcud durumdan artıq bağça personalı da ciddi təşviş keçirir.
Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, binanın hazırkı durumu nəzarətdədir. Rayon rəhbərliyi tərəfindən əraziyə bir neçə dəfə baxış keçirilib və aidiyyəti qurumlar məlumatlandırılıb. Həmçinin, yığılmış suların çəkilməsi üçün su-kanal idarəsinin əməkdaşları əraziyə cəlb edilib.
Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə qeyd olunub ki, sözügedən bağçadan aşan ağaclarla bağlı hələlik müraciət daxil olmayıb. Qurumdan bildirilib ki, müraciət olacağı təqdirdə ağaclara yerində baxış keçiriləcək və müvafiq qərar veriləcək.
Şəhər Təhsil İdarəsinin məlumatına görə, 1935-ci ildən istifadədə olan bağçanın binası uzunmüddətli istismar nəticəsində tamamilə köhnəlib və əsaslı təmirə ehtiyacı var. Hazırda müvafiq Dövlət Proqramı çərçivəsində bağçanın əsaslı təmirinin nəzərə alınması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


