Neftin qiyməti 120 dolları ötdü
ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasını uzatmağa hazırlaşdığına dair xəbərlərdən sonra qlobal neft qiymətləri sürətlə yüksəlib.
AFN.az xəbər verir ki, "Brent" markalı neftin bir barelinin qiyməti çərşənbə günü 120 dolları keçərək 2022-ci ildən bəri ən yüksək səviyyəsinə çatıb.
İsrail və ABŞ-ın 28 fevralda başlatdığı əməliyyatlara cavab olaraq Tehran rəhbərliyi dünya neft və mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazında gəmi hərəkətini məhdudlaşdırıb.
Aprel ayının əvvəlində boğaza yaxınlaşan hər bir gəminin hədəf alınacağını bəyan edən İrana qarşılıq olaraq, ABŞ İran limanlarına gedən və ya bu limanlardan gələn gəmilərin dayandırılacağını elan edərək blokadaya başlayıb.
Aprelin 17-də İsrail və Livan arasındakı atəşkəslə 90 dollara qədər geriləyən qiymətlər, blokadanın davam etməsi ilə son 12 gündür yenidən sabit yüksəliş qrafiki cızır.
Ağ Evdə enerji nəhənglərinin rəhbərləri ilə bir araya gələn ABŞ Prezidenti Donald Trampın blokadanın uzadılması istiqamətində komandasına göstəriş verdiyi bildirilir. Bu vəziyyət bazarlarda Hörmüz boğazındakı tıxanmanın uzun müddət davam edəcəyi şəklində yozulub.
"Brent" neftinin qiyməti gün ərzində 122 dolları sınaqdan keçirərkən, ekspertlər tədarük kəsintilərinin davam edəcəyi təqdirdə fiziki qıtlıq riskinin və bir çox məhsulda qiymət artımının qaçınılmaz olduğunu vurğulayırlar.
İran iqtisadiyyatı isə 53,7 faizə çatan inflyasiya, rekord həddə ucuzlaşan rial və təxminən iki milyon insanın işini itirməsi ilə dərin böhranla üz-üzədir.
Dünya Bankı İran müharibəsinin səbəb olduğu axsamaların may ayında başa çatacağı təqdirdə belə, enerji qiymətlərinin 2026-cı ildə 24 faiz artacağını proqnozlaşdırır.
Tramp sosial media vasitəsilə etdiyi açıqlamada İranı bir an əvvəl saziş imzalamağa çağırsa da, Tehran rəhbərliyi alternativ ticarət yolları ilə blokadaya müqavimət göstərəcəklərini ifadə edir.
ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı ərəfəsində qlobal bazarlarda qeyri-müəyyənlik davam edərkən, blokadanın müddətindən asılı olaraq yanacaq qiymətlərindəki artımın qlobal inflyasiyanı daha da stimullaşdıracağı gözlənilir.
