Neft qiymətləri 106 dolları keçdi



ABŞ və İran arasında Hörmüz boğazında qarşılıqlı gəmi saxlama əməliyyatları ilə artan gərginlik neft qiymətlərində kəskin artıma səbəb olub.

AFN.az xəbər verir ki, beynəlxalq etalon hesab edilən "Brent" markalı neftin bir barelinin qiyməti cümə günü səhər saatlarında 106 dolların üzərinə çıxıb.

"Brent" nefti cümə günü erkən saatlarda çərşənbə günkü bağlanış qiyməti ilə müqayisədə təxminən 5 faiz artaraq 106,80 dollardan ticarət olunub. Bununla da neft qiymətləri iki həftəlik fasilədən sonra yenidən 100 dollar həddini keçib.

Enerji bazarlarındakı bu hərəkətlilik qlobal birjalara da mənfi təsir göstərib; "S&P 500" indeksi 0,41 faiz, texnologiya yönümlü "Nasdaq" isə 0,89 faiz dəyər itirib.

ABŞ Prezidenti Donald Tramp cümə axşamı verdiyi açıqlamada dəniz blokadasının əhatə dairəsini genişləndirdiyinə dair siqnallar verib.

"Truth Social" sosial media platformasındakı paylaşımında Tramp heç bir gəminin ABŞ Hərbi Dəniz Qüvvələrinin icazəsi olmadan Hörmüz boğazına girə və ya çıxa bilməyəcəyini bildirib.

Boğazın bir saziş əldə olunana qədər tamamilə bağlı qalacağını vurğulayan Tramp "Bura bir razılaşma əldə olunana qədər möhkəm möhürlənib" ifadələrini işlədib.

Dünyadakı neft və təbii qaz tədarükünün təxminən beşdə birinin daşındığı Hörmüz boğazında hərəkət demək olar ki, dayanma nöqtəsinə gəlib.

"Windward" dənizçilik kəşfiyyat platformasının məlumatlarına görə, çərşənbə günü boğazdan cəmi 9 kommersiya gəmisi keçib. 28 fevralda müharibə başlamazdan əvvəl bu marşrutla gündə orta hesabla 129 gəmi hərəkət edirdi.

İran İslam İnqilabı Keşikçiləri Korpusu ötən günlərdə təhlükəsizlik qaydalarının pozulması və naviqasiya sistemlərinə müdaxilə əsası ilə "MSC Francesca" və "Epaminondas" adlı iki yük gəmisini saxladığını elan etmişdi.

Yunanıstan rəsmiləri "Epaminondas" gəmisinə nəzarətin hələ də kapitanın əlində olduğunu iddia etsələr də, bölgədəki təhlükəsizlik riskləri səbəbindən dəniz ticarəti iflic vəziyyətinə düşüb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu