Azərbaycanda biznes ombudsmanı fəaliyyət göstərməlidir – Nazim Bəydəmirli


Milli Məclisdə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” yeni qanun layihəsi qəbul edilib.


Qanun layhəsi mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyəcək, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək. Eyni zamanda, layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun yaradılması nəzərdə tutulub. Bununla yanaşı, səlahiyyətli qurum sahibkarlıq subyektləri haqqında müvafiq məlumatların daxil edildiyi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrini yaradır. Vahid reyestrin aparılması qaydası və həmin reyestrə daxil edilməli olan məlumatların siyahısı mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında əsasnamə ilə müəyyən edilir.
Qeyd edək ki, dünən iqtisadiyyat naziri Mikayıl Cabbarov da açıqlama verərək kiçik və orta sahibkarlığın 7 il müddətinə vergidən azad edilməsi istiqamətində müzakirələrin getdiyini bildirmişdi.
Bu qanun mikro, kiçik və orta sahibkarlığa nə verəcək? AFN.az-a yeniliyi şərh edən iqtisadçı ekspert Nazim Bəydəmirlinin sözlərinə görə, sahibkarlıq subyektlərinə dövlət dəstəyinin göstərilməsi üçün bir çox qurumlar yaradılıb: “Bu istiqamətdə ölkədə müxtəlif qurumlar var. Vahid reyestrin aparılmasına gəldikdə, əslində kommersiya hüquqi şəxslərin vahid reyestri var, aparılır. Ayrıca bir reyestrin aparılmasını mən əslində təqdir etmirəm. Düşünürəm ki, miqyasından asılı olmayaraq, sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlər bir-birindən ayrılmamalıdır. Mən bir neçə dəfə təklif vermişəm ki, kiçik və orta sahibkarlığın maraqlarını qorumaq üçün keçmişdə mövcud olan Prezident yanında Sahibkarlıq Şurası kimi bir qurum yaradılmalı, eyni zamanda biznes ombudsmanı fəaliyyət göstərməlidir. Bizə ən yaxın olan Gürcüstandan tutmuş, uzaq ABŞ-a qədər bütün dünyada bu mövcuddur. Kiçik və orta sahibkarlıq əslində sosialyönümlüdür, məşğulluqla bağlı, ailə təsərrüfatlarının inkişafı istiqamətində təsirləri ciddidir. Bu, dövlət üçün önəmli olmalıdır. Amma çox təəssüf edirəm ki, sahibkarlığa maliyyə dəstəyi veriləndə daha çox böyük holdinqlərin, dövlət şirkətlərinin maraqları üstün tutulur. Kommunal xidmət göstərən dövlət şirkətləri, yaxud dövlət qurumlarına məxsus olan MMC-lər, ASC-lər daha çox himayə olunurlar, nəinki kiçik və orta sahibkarlıq, hansı ki, biz real sahibkarlıq adlandırırıq, məmur sahibkarlığına aid deyil. Əgər məmur sahibkarlığına aid olmayan real sahibkarlığın maraqlarını müdafiə edən addımlar atılırsa, mən bunu alqışlaya bilərəm ancaq. Bizim də illərdir tələb etdiyimiz budur”.
N.Bəydəmirlinin sözlərinə görə, dövlətdən gözlənilən bütün gəlişigözəl sözlərdən kənar, real olaraq kommersiya təşkilatlarının hüquq və vəzifə bərabərliyini təmin etmək, onların maliyyə resurslarına çıxışını asanlaşdırmaqdır: “Yeri gəlmişkən, bir neçə dəfə araşdırma aparmışam və məlum olub ki, fondlar vasitəsilə dövlət vəsaitləri hesabına aşağı faizli kreditlərin əksəriyyəti əslində böyük holdinqlərin yaratdığı MMC-lərə yönəldilir”.
Ekspert bildirdi ki, kiçik və orta sahibkarlığın vergi yükü azaldılmalıdır, inzibatçılıq sadələşdirilməlidir. N.Bəydəmirli onu da vurğuladı ki, dövlətin kiçik və orta sahibkarlığın problemlərini dövlət başçısına və digər qurumlara çatdırmaq üçün ictimai təşkilatlanma olmalıdır: “Təəssüflər olsun ki, Azərbaycan Sahibkarlar Konfederasiyası deyilən qurum bu işin öhdəsindən gələ bilmir. Buna maraq göstərmir. Eynilə digər aidiyyatı qurumlar da böyük şirkətlərin maraqlarına xidmət etməyə daha çox üstünlük verirlər”.

Həbibə ABDULLA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu