Sumqayıtda kanala düşən avtomobili YPX qovub? - VİDEO
Sumqayıtda kanala aşan avtomobilin sürücüsü YPX əməkdaşlarına qarşı iddialar səsləndirib.
Cəfər Həsənovun idarə etdiyi “Niva” markalı avtomobil Samur-Abşeron kanalının Sumqayıt şəhər Yaşıldərə yaşayış massivindəki hissəsinə düşüb.
Kanala düşən zaman avtomobildə sürücüdən əlavə qadın sərnişin də olub.
Sürücü iddia edir ki, YPX əməkdaşı onu dəmir yolundan arxasınca qovaraq sözügedən ərazidə körpüyə çıxmaq istəyərkən qabağını kəsib və nəticədə o, idarəetməni itirərək kanala aşıb.
C.Həsənov əlavə edib ki, avtomobil kanala düşən zaman qadın sərnişin maşının içərisində qalıb və YPX əməkdaşları qadını xilas etmək üçün yardım etməyiblər. C.Həsənov qeyd edib ki, o, xanımı kanala düşən avtomobilin üstünə çıxartdıqdan sonra YPX əməkdaşları hadisə yerini tərk ediblər.
Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki sürücü Cəfər Həsənov yolda bir neçə dəfə kobud qayda pozuntusu törətdiyinə görə, ərazidə xidmət aparan YPX əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin, sürücü buna məhəl qoymayaraq hərəkətinə davam edib.
“Sürücü yüksək sürətlə idarəetdiyi nəqliyyat vasitəsində idarəetməni itirərək yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırdıb. Sürücü və sərnişinin iddiaları əssassızdır”, - deyə BDYPİ-dən bildirilib.
Daha ətraflı Baku TV-nin süjetində: