XİN rəhbəri: "Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir"


"Azərbaycan regional sülh, sabitlik və inkişafa sadiqdir".


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır.

"Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparmaq və münaqişədən zərər çəkmiş ərazilərdə sakinlərin reinteqrasiyasını həyata keçirməklə yanaşı, bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı əsasda tanıma və hörmət əsasında Ermənistan ilə dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinə start verib.

Azərbaycan dəfələrlə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olduğunu bəyan edib və bu məqsədlə öz milli nümayəndə heyətini yaradıb", - Ceyhun Bayramov vurğulayıb.

"Eyni zamanda Azərbaycan, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması, nəqliyyat və kommunikasiya əlaqələrinin açılması, o cümlədən beynəlxalq nəqliyyat şəbəkəsinin tərkib hissəsi olan Zəngəzur dəhlizinin yaradılması istiqamətində səylər göstərmişdir.

Son aylar ərzində Ermənistan və Azərbaycan arasında birbaşa dialoq da daxil olmaqla təmaslarda dinamikanın artmasına baxmayaraq, Ermənistan, görünür, danışıqların imitasiyasına dair keçmiş təcrübəsinə sadiq qalır və öhdəliklərini vicdanla yerinə yetirmək əvəzinə, tez-tez təxribatlara əl atır, gərginlik yaradır və Azərbaycanla davam edən normallaşma prosesinə xələl gətirir", - nazir əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu