Şahruddin Məhəmmədəliyev: "Bu himni eşitmək uşaqlıq arzum idi" - MÜSAHİBƏ
Azərbaycanın futbol millisinin və "Qarabağ" klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev "Report"a müsahibə verib. AFN.az həmin müsahibəni təqdim edir:
– UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında Çexiya çempionu "Viktoriya"nı Bakıda məğlub edə bilmədiniz. Matç barədə fikirlərinizi öyrənərdim...
– Bu, Çempionlar Liqasının pley-off matçıdır. Hər iki komanda qalib gəlib qrupa düşmək istəyir. "Viktoriya" meydanın bütün sahələrində mübarizə aparmağı bacaran komandadır. Ona görə də ağır matç oldu. İnşallah, cavab oyununda qol vurmaq şanslarımız olacaq, mərhələni biz keçərik. Bunun üçün çox çalışacağıq.
– İlk oyunun nəticəsi sizi qane edir?
– Öz azarkeşlərimiz önündə keçirdiyimiz oyunda üstünlük biz tərəfdə çox idi. Düşünürəm ki, normal nəticədir. Əsas odur ki, belə matçda bu rəqibə uduzmadıq. Bu komanda çox yaxşı müdafiə olunmağı bacarır, onların arxa xəttini yarmaq asan deyil. "Viktoriya" çox güclü və möhkəm komandadır. Ümumiyyətlə, Çempionlar Liqasının bu mərhələsində zəif rəqib olmur. Bir daha deyirəm ki, normal nəticədir. Cavab oyununa hazırlaşmaq və rəqibi yenidən analiz edib meydanda nəyi daha yaxşı edə bilməyimiz üçün vaxtımız var.
– Görünən odur ki, çexlər sizi yaxşı öyrənmişdilər, yaxşı müdafiə olunurdular. Onların müdafiəsini qırmaq barədə nə düşünürsünüz?
– Bizim ilk matçda çoxlu qol şanslarımız oldu. Sadəcə, onlardan yararlana bilmədik. Səbirli olmaq, bir az gözləmək lazımdır. Düşünürəm ki, bizim hələ Çexiyada da bu cür qol imkanlarımız olacaq. Hocanın (baş məşqçi Qurban Qurbanovu nəzərdə tutur – S.M.) təlimatlarından da çox şey asılı olacaq. O bizə səfərdə necə oynamağı izah edəcək.
– Bildiyimə görə, bu, Çempionlar Liqasının himnini eşitdiyiniz ilk matçınız idi...
– İlk dəfə 2017-ci ildə "Kopenhagen"ə qarşı pley-off matçında eşitmişdim. Ancaq onda oyunu tribunadan izləyirdim (gülür). Həmin vaxt əsas qapıçı İbrahim Şexiç, ehtiyat qolkiper Anton Kanibolotski idi.
– Amma indi bu möhtəşəm himni meydanda eşitdiniz. Hansı hisslər yaşandı?
– Hisslər deyiləsi deyil. Uşaq vaxtı Çempionlar Liqasına baxıb bu himni eşidirsən və arzulayırsan ki, sən də həmin futbolçular kimi meydanda olasan. Bu himni eşitmək çox xoşdur. İnşallah, əlimizdən gələni edəcəyik ki, hər həftə Bakıda bu himn çalınsın.