“Bu oyunda bir neçə element əlavə edəcəyik” - Qurban Qurbanov
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə “Ferentsvaroş” ilə qarşılaşacaq “Qarabağ” klubu Macarıstana yola düşüb. Klubunun baş məşqçisi Qurban Qurbanov hava limanında suallarımızı cavablandırıb.
AFN “Qafqazinfo”ya istinadən həmin müsahibəni təqdim edir.
- Oyunla bağlı çox düşünüləsi bir şey yoxdur. Bilirik ki, hər şey orada həll olunmalıdır. Hazırlığımız pis getmədi. Cavab oyununa hazırlıq üçün vaxtımız az oldu. Səfərə çox böyük inamla, çəkinmədən gedirik. Yaxşı nəticə əldə etmək üçün son saniyələrə kimi mübarizə aparmağa çalışacağıq. Futbolçularıma inanıram.
- Rəqib daha açıq futbol oynamağa çalışacaq. Bu matçın asan olacağını demək olar?
- Yox, belə deməzdim. Çünki onların da həm hücum, həm müdafiə potensialı çox yaxşıdır. Hər xətdə çox bacarıqlı futbolçuları var. Rəqibi daha yaxından tanıdığımıza görə rahat ola bilər. Bu, bizə bir az rahatlıq verə bilər. Amma ümumən, matçın gedişatı zamanı buradakı kimi gərgin oyun gedə bilər. Bir-birimizə oynamağa bir o qədər də imkan vermirdik. Düşünürəm ki, çox düşünüləsi və meydanda hərəkətli oyun bizi gözləyir. İlk dəfədir ki, Qara Qarayev, Riçard Almeyda və Marko Yankoviç eyni anda oynaya bilərlər.
- Kimin oynayacağını seçim etmisiz?
- Hələ tam qərar verməmişəm. Sabah son vəziyyətə baxacağıq. Oyuna kimi qəti qərar veriləcək. Futbolçuların hazırlığına sabah da diqqət yetirəcəyik. Ola bilər ki, hər hansı dəyişiklik olsun.
- Maksim Medvedev oynaya biləcək?
- Yox
- Oyunsonrası penaltilərə hazırlaşmısız?
- Sırf desəm ki, penaltilərə vaxt ayırmışıq, yox. Amma ümumi ilboyu buna hazırlıq gedir. Futbolçular bəzi məşqlərdən sonra penaltilər vururlar. Amma çox istərdik ki, hər şey 90 dəqiqədə həll olunsun.
- İlk oyundan sonra rəqib komandadan bildirmişdilər ki, “Qarabağ”ın müdafiəsində açıq zonalar var...
- Hər komandanın müdafiəsində açıq zonalar olur. Daim çalışırıq ki, bu boşluqları aradan qaldıraq. Bəlkə də, bu oyunda bir neçə element əlavə edəcəyik. İstəyirik ki, hər xəttə daha etibarlı olaq.
- “Sürix”lə cavab matçında təcrübə və psixoloji hazırlıq ön plana çıxdı və “Qarabağ” əlavə vaxtda qol vura bildi. Sabahkı oyunda hansı amillər ön plana çıxacaq?
- Sabah biz mütləq yaxşı mübarizə aparmalıyıq və son saniyələrə kimi bunu bacarmalıyıq. Daim rəqibdən üstün olmağa çalışmalıyıq. Çünki rəqibin üstünlüyü var, öz azarkeşləri önündə oynayır. Bu məqam bir az onların tərəfində ola bilər. Amma biz sona kimi mübarizə aparmağı daim düşünməliyik.