Şəhid ailələri və qazilərə təklif olunan işlər: Zibil daşıyan, süpürgəçi...


Ölkəmizdə qazilərə və şəhid ailələrinin üzvlərinə edilən iş təklifləri bir çox hallarda etiraz doğurur. Qazilərin, müharibə iştirakçılarının ofisiant işləməsi, bəzilərinin ictimai işlərə cəlb olunması bir yana, şəhid anasına süpürgəçilik kimi işlərin təklif olunması cəmiyyət tərəfindən xoş qarşılanmır.

Bildirilir ki, Vətən uğrunda sağlamlığını itirən gənclərin kafe və restoranlarda sərxoş müştərilərə qulluq etməsi onlara qarşı hörmətsizlikdir. Bu mənada şəhid ailələrinə və müharibə veteranlarına iş təklif edərkən, olduqca həssas yanaşmaq, münasib vakansiyalar təqdim etmək tələb olunur.

Bəs, şəhidlərimizin ailə üzvlərinə və müharibə iştirakçılarına hansı işlər təklif edilməlidir?

Bu barədə Modern.az-a danışan “Zəfər” Şəhid Ailələrinə Yardım İctimai Birliyinin sədri Sevinc Orucova deyib ki, qazi və şəhid ailələrinin işlə təmin olunması həssas mövzudur və cəmiyyətimiz tərəfindən müxtəlif yanaşmalar var:



“Müqəddəs bir yanaşma var ki, bu insanlar cəmiyyətin göz bəbəyidir, cəmiyyətin mənəvi yükünü daşıyırlar. Mövqeyindən asılı olmayaraq, hər kəs onlara diqqət, sayğı və ehtiramla yanaşmağa borcludur. Qazilərin və şəhid ailələrinin işlə təmin olunması məsələsinə münasibət bildirərkən söyləmişəm ki, ixtisası, ali təhsili olmayanları peşəyə yönəltməliyik. Çünki qazilərimizin əksəriyyəti cavandır, onları müxtəlif peşələrə yiyələndirməklə məşğulluq proqramına cəlb etmək olar. Bu istiqamətdə müəyyən işlər aparılır”.



S.Orucova söyləyib ki, şəhid anasını süpürgəçiliyə buyurmaq ona layiq iş deyil:



“O işə cəlb etməkdənsə, etməmək daha uyğundur. Şəxsən bir şəhid ailəsi olaraq şəhid anasının küçə süpürməsini qəbul edə bilmirəm. Düzdür, o ananı sənətə cəlb etmək gecdir, amma süpürgəçilik də ona layiq iş deyil. Qazilərə, şəhid ailələrinə elə həssaslıqla yanaşmalıyıq ki, onların ürəyini qırmayaq”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov isə qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi proqramı çərçivəsində 7 minə yaxın qazi və şəhid ailəsi özünüməşğulluq proqramına cəlb olunub:



“Rayonlardakı qazi və şəhid ailələri daha yaxşı işlə təmin olunmurlar, səbəb odur ki, rayonlarda yalnız ictimai işlər növündə iş təklifi olunur. Həmin işlər də bağbanlıq, süpürgəçilik və digərləridir. Tutaq ki, bir qazi və ya şəhid ailəsi kənddə yaşayır, amma kənddə iş yoxdur. Həmin şəxs rayon mərkəzinə dəvət olunur, ixtisası olmadığı üçün bağban işi təklifi edilir. Ancaq iş rayonun mərkəzindən uzaq olduğundan və əməkhaqqı az olduğundan həmin işlə razılşamırlar. Digər tərəfdən ixtası olmayan biri müəllim və ya mühəndis işləyə bilməz. Nəticə olaraq münasib iş tapılmır və narazılıqlar meydana çıxır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu