Lavrov: “Sülh sazişi Azərbaycanın təkliflərinə əsaslanır”


“Şübhə yoxdur ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair yekun razılaşmalar əldə olunacaq. Rusiya bunu tam dəstəkləyir”.


Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

“Bizim prosesin (Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması - red.) irəliləməsi barədə ümumi anlayışımız var. Ola bilsin, biz bu tempin daha sürətli olmasını istərdik, buna baxmayaraq, proses davam edir və hələlik fasilələrlə də olsa mühüm müsbət nəticələr əldə edilir. Ancaq yekun razılaşmaların olacağına şübhə yoxdur. Biz bunu hər cür təşviq etməyə çalışırıq”, - deyə Lavrov bildirib.

Rusiyalı nazirin sözlərinə görə, Bakı və İrəvanın indiki mərhələdə necə qarşılıqlı fəaliyyət göstərəcəyinə dair öz xüsusi baxışları var, lakin hər iki tərəf eyni anlayışa malikdir ki, üç ölkə liderlərinin birgə bəyanatları çox aydın bir yol xəritəsi olaraq qalır.

“Sərhədin delimitasiyası üzrə iki komissiyanın - Ermənistan və Azərbaycan komissiyasının belə bir təsis iclasının baş tutmasından çox şadıq. Növbəti iclasın Moskvada keçirilməsi planlaşdırılır. Biz üç ölkənin liderlərinin razılaşmalarına uyğun olaraq, konsultativ yardım göstərməyə, o cümlədən kartoqrafiya materialları ilə təminata hazırıq. Bu, konkret bu iş üçün çox vacibdir. Paralel olaraq nəqliyyat və iqtisadi əlaqələrin açılması üçün baş nazir müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupu əhəmiyyətli irəliləyiş əldə edib”.

Lavrov qeyd edib ki, erməni həmkarı ilə danışıqlar zamanı qalan məsələlərin həlli variantları müzakirə olunub.

“Əminəm ki, onlar sonda öz həllini tapacaq, münasibətlərin tam normallaşmasından başqa yol yoxdur. Sülh müqaviləsi vaxtilə Azərbaycanın təqdim etdiyi təkliflərə əsaslanır. Buna cavab olaraq Ermənistan öz baxışını təqdim etdi. Və bu iki sənədi nəzərə alaraq, bizim vasitəçi, məşvərətçi və prinsipcə, dəstək göstərən tərəf kimi kimi iştirak etməyə hazır olduğumuz proses gedir”, - deyə o, sözlərini yekunlaşdırıb.

Mənbə: TASS



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu