Azərbaycan-ABŞ əməkdaşlığı qarşılıqlı inam və etimad əsasında inkişaf edir

Bu günlərdə ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. Sənəddə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olması dərin məmnunluq hissi ilə vurğulanmaqla bərabər, gələcəkdə əlaqələrin daha da genişlənəcəyinə dərin inam ifadə olunub.
Məktubda son illər Azərbaycanla ABŞ arasında hərtərəfli əlaqələrin, xüsusilə enerji sahəsində sıx əməkdaşlığın davamlı olaraq inkişaf etməsinin əhəmiyyəti vurğulanıb. Birləşmiş Ştatların dövlət başçısı bununla bağlı yazmışdır: “Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş 30 illik diplomatik münasibətlər dövründə biz transmilli təhlükələrlə mübarizə, enerji təhlükəsizliyinin gücləndirilməsi, ikitərəfli ticarət və sərmayələrin təşviqi məsələlərində güclü tərəfdaş olmuşuq”.
Dünyanın super dövlətinin rəhbəri məktubda sonra bu günlərdə Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin bütün dünya üçün əhəmiyyətini vurğulayaraq qeyd edir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın sadiq tərəfdaşı olmaqda davam edir.
Ağ evin hazırkı sahibinin Azərbaycan dövlətinə, xalqımızın sevimli lideri İlham Əliyevin müdrik siyasətinə dərin inam və etimad bəsləməsi təsadüfi deyil. Bu gün Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə dünyanın sayılıb-seçilən ölkələrindən biridir. Azərbaycan müasir dünyanın çox az ölkələrindən biridir ki, son yarım əsrdə öz ərazi bütövlüyünü təmin edərək tarixi ədaləti bərpa edə bilibdir.
ABŞ-da hesab edirlər ki, çağdaş dünyada enerji təhlükəsizliyi ilə bağlı böyük məqsədlərə çatmaq üçün şaxələndirmə hazırda heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Məktubda məxsusi olaraq qeyd olunur ki, Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
Bəli, müstəqil ABŞ dövləti Azərbaycanın Avropanın və dünyanın enerji təhlükəsizliyinə verdiyi önəmli töhfənin fərqindədir. Prezident Co Bayden bir daha vurğulayır ki, Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə və Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır.
Şübhəsiz ki, ABŞ-Azərbaycan münasibətləri təkcə enerji sektorundakı əməkdaşlıqla məhdudlaşmır. Daha geniş və daha rəngarəng sahələri əhatə edir. Buraya qlobal terrorizmə qarşı mübarizədən başlayaraq, elm, təhsil, insan hüquqları və azadlıqları da daxil olmaqla, hərbi–siyasi sahədə əməkdaşlığa qədər son dərəcə çoxşaxəli istiqamətlər daxildir.
İki ölkə arasında münasibətlərin ABŞ Prezidenti tərəfindən belə yüksək qiymətləndirilməsi Azərbaycan-ABŞ münasibətlərinin olduqca müsbət perspektivlərinin olduğunu nümayiş etdirir. Bu, hər iki dövlətin və xalqın xeyrinədir.
Azərbaycanın dünyada günbəgün artan nüfuzu dostlarımızı sevindirir, düşmənlərimizi xar edir. Azərbaycan-ABŞ arasında əməkdaşlığın genişlənməsinə mane olmaq istəyən qüvvələr isə öz niyyətlərinə heç vaxt çatmayacaqlar.
Azər VERDİYEV,
politoloq, Vətən müharibəsi iştirakçısı