“Lukoyl” Rusiyadakı zavodlarının işini dayandıracaq?
“Lukoyl” neft məhsullarının həddindən artıq çox olması səbəbindən zavodların bağlanması ilə bağlı xəbərdarlıq edib.
Bu barədə “Kommersant” şirkətin rəhbəri və ortaq sahibi Vahid Ələkbərovun Rusiya baş nazirinin müavini Aleksandr Novaka məktubuna istinadən yazır.
Bildirilir ki, sanksiyalara görə mazutun daşınma həcmində kəskin azalma baş verib, nəticədə anbarlarda bu yanacaq artıqlaması ilə qalıb.
Şirkət rəhbərinin sözlərinə görə, anbarların dolması neft emalı zavodlarının (NEZ) dayanmasına və yanacaq istehsalının azalmasına səbəb ola bilər.
Ələkbərov bununla əlaqədar olaraq artıq mazutları İstilik Elektrik Stansiyalarına (İES) yönləndirmək istəyir və ətraf mühitə mənfi təsirə görə yüksək cərimələrin müvəqqəti ləğv edilməsini təklif edir.
Qeyd olunur ki, İES-in mazuta keçirilməsi energetiklər üçün zəruri tədbirdir: adətən ondan yalnız qazın verilişində fasilələr yarandıqda və ya onun sərfiyyat limiti bitdikdə istifadə olunur.