Ece Erkenin ərini qətlə yetirənlər saxlanıldı - TƏFƏRRÜATLAR
Türkiyəli aktrisa, aparıcı Ece Erkenin vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunun qətlə yetirilməsi ilə bağlı təfərrüat məlum olub.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iddiaya görə, Mahmutyazıcıoğlu sahibi olduğu restoranda oturarkən içəridəki iki müştəri saat 00:30 radələrində onu masalarına çağırıb. Bu zaman o, kimliyi bəlli olmayan iki nəfərin masasına yaxınlaşıb. Söhbət zamanı mübahisə düşüb, ona iki dəfə atəş açılıb.
Daha sonra restoran xaricindən də iki dəfə atəş açılıb və cinayətkar hadisə yerindən qaçıb. İnsident zamanı yeddi dəfə atəş açıldığı, Mahmutyazıcıoğlunun isə 4 güllə yarası aldığı bildirilir.
Vəkilin sürücüsü ona yardım etmək istəyib. Ancaq silahlı şəxslər onu da yaralayıb. Xəstəxanaya çatdırılan Mahmutyazıcıoğlu həyatını itirib.
Ş.Mahmutyazıcıoğlu hadisədən iki saat əvvəl “Beşiktaş”ın eks-rəhbəri Fikret Ormanla görüşüb. Qeyd edək ki, mərhum vaxtilə “Beşiktaş”ın İdarə Heyətinin üzvü olub.
İddiaya görə, cinayətkarlarla vəkil arasında 1 milyon lirə dəyərində məsələyə görə mübahisə yaranıb. “CNN Türk” bu məsələnin mülk satışı ilə bağlı olduğunu yazıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə ilə əlaqədar 2 nəfər saxlanılıb, 4 nəfərin axtarışları davam etdirilir.
Daha bir maraqlı detal isə ondan ibarətdir ki, insidentin baş verdiyi ərazidə dörd il əvvəl vəkil Kudbettin Kaya naməlum şəxslər tərəfindən qətlə yetirilib.