“Saxla” əmrinə tabe olmayan avtoxuliqan həbs edildi - VİDEO
Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan, ictimai asayişi nümayişkaranə şəkildə pozan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, VAZ-2101 markalı avtomobilin sürücüsü, şəhər sakini Əli Əzizov nəqliyyat vasitəsini yüksək sürətlə idarə etdiyi üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Lakin həmin şəxs buna məhəl qoymayıb və davamlı şəkildə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edib. Vaxtında görülmüş tədbirlərlə sürücü saxlanılaraq bölməyə gətirilib.
Ə.Əzizov barəsində polis şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə o, 15 sutka müddətinə inzibati həbs olunub və nəqliyyat vasitəsi idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb.